Paytaxtın daha iki küçəsi yeni görkəmdə vətəndaşların istifadəsinə verilib - VİDEO / FOTO

11 января 2017- 00:00
11 Paytaxtın daha iki küçəsi yeni görkəmdə vətəndaşların istifadəsinə verilib - VİDEO / FOTO

 

 

          Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsindəNərimanov rayonu Nəcəf Nərimanov küçəsində təmir işləri aparılaraq yekunlaşdırılıb.

 

          Təmir işləri çərçivəsində sözügedən küçələrdə yeni yeraltı kommunikasiya xəttləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub.  Aparılmış kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

 

          Nəcəf Nərimanov küçəsinin uzunluğu 630 metr, eni isə 10 metr təşkil edir. Bu küçədə aparılan təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, bunun əvəzinə küçənin 6 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Həmçinin küçənin təmir olunan hissəsində  mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. Piyada səkilərinin kənarlarına 1200 paqon-metr yeni səki daşları düzülüb.

 

          Binəqədi rayonu Cəfər Xəndan küçəsində isə təmir işləri Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən eni 16 metr, uzunluğu 350 metr olan hissədə aparılıb. Burda da köhnə asfalt-beton örtük 2 qat olmaqla yenisi ilə əvəz olunub, mövcud piyada səkiləri isə bərpa edilib. Ümumilikdə küçənin sözügedən hissəsində 5500 m2 sahəyə yeni asfalt-beton örtük döşənib, piyada səkilərinin kənarlarına isə 700 paqon-metr yeni səki daşları düzülüb.

 

          Təmir işləri zamanı hər iki küçədə - yəni Cəfər Xəndan və Nəcəf Nərimanov küçələrində hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

 

          Qeyd edək ki, bundan öncə Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 metrlik hisslərində təmir işləri aparılaraq yekunlaşdırılıb. Növbəti etapda son olaraq küçənin İbrahimpaşa Dadaşov və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulub.