Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib

20 сентября 2019- 13:13
11 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib

Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov 20 sentyabr 2019-cu il tarixində Sabirabad rayonunda vətəndaşları qəbul edib.

 
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Sabirabad RİH-nin başçısı Siraqəddin Cabbarov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

 
Daha sonra Sabirabad rayon Heydər Əliyev mərkəzində keçirilən qəbulda Sabirabad və Saatlı rayonlarından olan 20-dən artıq vətəndaşın müraciət və şikayətlərinə baxılıb. 

 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə İmişli rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və İmişli RİH-nin başçısı Vilyam Hacıyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

 
İmişli rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı İmişli rayonundan olan 15-dən artıq vətəndaşın müraciətinə baxılıb.

 
Hər iki qəbul zamanı müraciətlər əsasən kəndlərarası avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

 
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.


Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.