AAYDA-də 2019-cu ilin I rübünün hesabat iclası keçirilib

3 мая 2019- 14:23
11 AAYDA-də 2019-cu ilin I rübünün hesabat iclası keçirilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində  2019-ci ilin I rübündə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

 

İclas iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra cəmiyyətin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.

 

İdarə Heyyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində cari ilin son 3 ayı ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü, respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edildiyini bildirib.

 

Saleh Məmmədov vurğulayıb ki, cənab Prezidentin tapşırıq və sərəncamlarınln icrası ilə əlaqədar olaraq tərtib edilmiş Tədbirlər Planına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2019-cu ilin I rübü ərzində uzunluğu 44.4 km respublika və yerli əhəmiyyətli avtomobil yolları, həmçinin 48.4 km Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub. Bundan başqa 1 yeni körpü tikilib, 5 körpü və 1 yeraltı piyada keçidi isə təmir olunub.

 

İdarə Heyyətinin sədri Saleh Məmmədov əlavə edib ki, 2019-cu ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan kəndlərarası və Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarının tikintisi məqsədilə Agentliyə ayrılmış vəsait hesabına 50 layihənin icrası davam etdirilir. Bunlardan 11 layihə Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarına 39 layihə isə Respublikamızın  kəndlərarası  avtomobil yollarına aiddir.

 

İclas zamanı qeyd olunub ki, daxili İnvestisiya və xarici kreditlər hesabına isə hazırda 5 respublika əhəmiyyətli avtomobil yolu yenidən qurulur, 1 yeni magistral yol inşa edilir, həmçinin 4 magistral avtomobil yolunun müəyyən hissələrinin yenidən qurulması, genişləndirilməsi və bərpası işləri aparılır, Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərində yeni avtomobil körpüsü inşa edilir.

           

Saleh Məmmədov çıxışı zamanı onu da vurğulayıb ki, 2019-cu ilin I rübü ərzində Xəzər rayonu Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin tikintidən sonra, uzunluğu 20.5 km olan Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə (137 km)-Beyləqan avtomobil yolunun Prezident cənab İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılış mərasimləri keçirilib. Açılış zamanı tikintisi başa çatdırılmış uzunluğu 39,4 km olan Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun  təqdimatı da keçirilib.

 

İclasın sonunda İdarə Heyətinin sədri Saleh Məmmədov qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tövsiyyə və tapşırıqlar verib.