Körpülərin sayı ilə məşhur olan Şəki-Qax yolu – VİDEO / FOTO

3 İyun 2017- 00:00
11 Körpülərin sayı ilə məşhur olan Şəki-Qax yolu – VİDEO / FOTO

 

           

          Şəki - Qax yolunda nə az, nə çox düz 21 ədəd körpü mövcuddur.

 

          Deyirlər ömür bitər yol bitməz. Bitməyən qeyri-adi yol isə yaddaşımızdan heç vaxt silinməz. Dünyada bu cür məşhur yollar kifayət qədərdir. Həmin yolları məşhur və qeyri-adi edən isə müxtəlif amillərdir. Bəziləri mənzərəli yerlərdən keçir, bəzilərində 10-larla sərt döngə var, bəziləri həddindən artıq enişli-yoxuşludur . Azərbaycanda da bu cür yollar kifayət qədərdir. Biz də sizə bu cür yollardan biri barədə məlumat vermək istəyirik.  Öz infrastrukturu, yerləşmə mövqeyi, mənzərəsinə görə fərqlənən bir yolumuzdan...

 

          Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin uzunluğu 35 km-dir.  Bu avtomobil yolunun 2015-ci ilin noyabr ayının 4-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə açılışı baş tutub. Sözügedən yol yeni müasir görkəmi və rahatlığı ilə seçilir. Ancaq bununla yanaşı körpülərinin sayı ilə də diqqət çəkir. Belə ki, bu yolda  nə az, nə çox düz  21 ədəd körpü mövcuddur.

 

          Körpülərin sayı yerli vətəndaşlarla yanaşı, Şəki və Qaxa üz tutan turistlərin də marağına səbəb olur. Körpülərin sayının çox olmasını zəruri edən məqam yol boyu geniş məcraya malik çayların yerləşməsidir. Ancaq bu çayların sayı körpülərin sayı qədər çox deyil.

 

          Yol boyu cəmi 4 dağ çayı var – Kiş, Şin, Qaşqaçay və Kürmük.

 

          Görənlərin marağına səbəb olan körpülərin ümumi uzunluğu 2 km –dən çoxdur.

 

          Həmin körpülərin ən kiçiyi 12 metr, ən böyüyü isə 420 metr uzunluğundadır. Körpülərin ortalama eni 11.5 metr, ümumi uzunluqları isə 2077 metrdir.

 

          Ən böyük körpü Şəki ərazisində, Kiş çayı üzərində yerləşir. Yolun 0.1-ci km-də yerləşən körpünün uzunluğu 420 metrdir. Ən çox körpü yolun 8.6-9.7-ci km-lik hissəsidə yerləşir. Burda irili-xırdalı ard-arda 16 körpü var. 7 kiçik,  orta və 5 böyük olmaqla körpülərin ümumi uzunluqları 1204 metrdir. Sözügedən körpülər Şəkinin Şin çayı ərazisində yerləşirlər. Ard-arda bu qədər körpünün bir çayın üzərində yerləşməsi məcranın kifayət qədər böyük olması ilə bağlıdır. Çayın məcrası avtomobil yolunun keçdiyi hissədə 1 km-dən artıqdır.

 

Çay üzərində yerləşən körpülərin uzunluqları kiçikdən böyüyə aşağıdakı kimidir:

  1. 1 ədəd 12 m-lik;
  2. 6 ədəd 24.2 və 24.5 m-lik;
  3. 2 ədəd 42 m-lik;
  4. 1 ədəd 96 m-lik;
  5. 3 ədəd 132 m-lik;
  6. 1 ədəd 150 m-lik;
  7. 1ədəd 258 m-lik.

 

          Daha 4 körpü isə yolun Qax rayonu ərazisindən keçən hissəsində yerləşir. Yolun 27-ci km-də, Qaşqaçay çayı üzərində 1 ədəd 54 metr uzunluğunda, 33-cü km-də, Kürmük çayı üzərində isə hər birinin uzunluğu 133 metr olan 3 ədəd körpü yerləşir.  Avtomobillə yolda hərəkətdə olarkən  Kürmük çayı üzərində yerləşən 3 körpü 1 körpü kimi görünür. Yalnız çay məcrasından bunun əslində 3 ayrı körpü olduğu görmək mümkündür.