Göyçay-Ucar avtomobil yolu

29 Oktyabr 2015- 00:00
11 Göyçay-Ucar avtomobil yolu

              Daha bir avtomobil yolu tam olaraq yeni və müasir görkəmdə yenidənqurularaq sürücülərin ixtiyarına verilib. Göyçay-Ucar avtomobil yolu Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə “Azəryolservis” ASC tərəfindən istər paytaxt Bakıda, istərsə də regionlarda aparılan kompleks tədbirlər çərçivəsində  III texniki dərəcəyə uyğun yüksək keyfiyyətlə yenidənqurulub. Yenidənqurma işləri tərtib olunmuş qrafikə uyğun “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılıb.

             Yenidənqurulan Göyçay-Ucar avtomobil yolunun ümumi uzunluğu 19 kilometrdir və 2 hərəkət zolalağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2,5 metr olmaqla avtomobil yolunun ümumi eni 12 metr təşkil edir. Ümumilikdə yolun yerləşmə ərazisi 230 400 kvadratmetr sahəni əhatə edir.

             “Azəryolservis” ASC tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyü tam olaraq çıxarılaraq, yol yatağında bərkitmə işləri aparılıb. Bundan sonra 134 400 kvadratmetr sahəyə 26 880 kubmetr və ya 74 719 ton yüksək keyfiyyətli yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yola döşənən asfalt-beton örtüyünün qalınlığı 20 santimetr təşkil edir. Bundan bitumlu lay 8 santimetr, əlaqələndirici lay 7 santimetr və aşınma layı 5 santimetrdir.

              Müvafiq olaraq yolun çiyinləri də uyğun material doldurularaq kipləşdirilib. Sözügedən işlər zamanı 76 000 kubmetr optimal çınqıl qarışı və 24 850 kubmetr qırmadaş istifadə olunub.

           Göyçay-Ucar avtomobil yolunda aparılan işlər zamanı 4 ədəd yeni körpü də inşa edilib. Onlardan 3-ü hidravlik, 1-i isə dəmiryolu körpüsüdür. Hidravlik körpülərdən 2-i 1 aşırımlı olmaqla birinin uzunluğu 35 metr, digərinin 22 metr təşkil edir. 3-cü körpünün isə uzunluğu 44 metr olmaqla 3 aşırımdan ibarətdir. Dəmiryolu üzərində inşa edilən körpünün də uzunluğu 44 metr olmaqla 3 aşırımdan ibarətdir.

              “Azəryolservis” ASC tərəfindən yenidənqurma layihəsi çərçivəsində yola zəruri olan yerlərdə 18 ədəd suötürücü dairəvi boru yerləşdirilib, yolun bütün hissələrində yol hərəkəti qaydalarına uyğun olaraq termoplastik boya ilə üfüqi yol nişanlanması tətbiq edilib, kilometrajı göstərən dirəklər, işarə və xəbərdarlıq lövhələri quraşdırılıb, lazımi yerlərə avtobus dayanacaqları, həmçinin körpülərə və hündür tökmələrin olduğu yerlərə polad baryerlər qoyulub.