Ağstafada 4 avtomobil körpüsünün tikintisi yekunlaşır – VİDEO / FOTO      

1 May 2017- 00:00
11 Ağstafada 4 avtomobil körpüsünün tikintisi yekunlaşır – VİDEO / FOTO      

 

          “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2016-ci il yanvar 15-dən etibarən Azərbaycan Höküməti ilə Asiya İnkişaf Bankı arasında bağlanmış  sazişə əsasən Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.

 

          Vətəndaşların rahat və təhlükəsiz gediş gəlişini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunda 3 ədəd, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 ədəd körpünün inşası son mərhələdədir. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində yerləşir.

 

            Sözügedən körpülər istismar müddəti bitdiyi üçün qəzalı vəziyyətdə idilər. Dəmir yolu və Acıdərəçay üzərində yerləşən körpülər ötən əsrin 60-cı illərində, Ağstafaçay üzərindəki körpü 70-ci illərdə, Kür çayı üzərində yerləşən körpü isə 120 il bundan öncə, yəni 1897-ci ildə inşa edilib.

 

            Layihə çərçivəsində dəmir yolu, Acıdərəçay və Ağstafaçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılıb.

 

          Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun 2-ci km-də inşa edilən və dəmiryolu üzərindən keçən körpünün uzunluğu 34 m, yolun 17-ci km-də Kür çayı üzərindən inşa edilən körpünün uzunluğu 184 m29.5 km-də  Acıdərəçay üzərində inşa edilən körpünün uzunluğu isə 64 m-dir. Ağstafa-Poylu-Düzqışlaq- Qazax yerli avtomobil yolunun girişində, Ağstafaçay üzərində inşa edilən körpünün uzunluğu isə 81 m-dir. Dəmir yolu üzərindəki körpü 1, digərləri isə 3 aşırımlıdır və hər birinin eni 14,5 metr təşkil edir.

 

          Hər bir körpünün bünövrəsinin, dayaqlarının və aşırım hissəsinin tikintisi işləri tam olaraq yekunlaşıb. Hazırda körpülərin yanaşma yollarının və dəmir-beton özül dayaqlarının (döşəməsinin) asfaltlanması işləri aparılır.

 

          Layihəyə uyğun olaraq körpülərə yanaşma yolları 3-cü texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla uzunluqları 1250 metr, eni 12 metr, hər bir istiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla birlikdə 2.5 metr təşkil edir.

 

            Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətllə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Həyata keçirilmiş fiziki işlərin həcmi 85% təşkil edir. 4 körpünün hər birinin bu il ərzində vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.