Binəqədi-Mehdiabad avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

27 Aprel 2017- 00:00
11 Binəqədi-Mehdiabad avtomobil yolu yenidən qurulur - VİDEO / FOTO

 

     

           Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını yaxşılaşdırmaq istiqamətində dövlət başçısının verdiyi tövsiyyə və tapşırıqlara əsasən ölkə boyu 40 kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması işləri sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

 

          Bakı şəhərində bu çərçivədə icra olunan layihələrdən biri də 10.3 km uzunluğunda olan Binəqədi-Mehdiabad-Fatmayi-Goradil avtomobil yoludur.

 

          Hazırda sözügedən avtomobil yolunun 3.9-cu km-lik hissəsinin, daha dəqiqi Binəqədi-Mehdiabad hissəsinin yenidən qurulması işləri aparılır.

 

          Binəqədi-Mehdiabad yolu uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmurdu. Nəticədə yolun hərəkət hissəsində qabarmış və deformasiyaya uğramış ərazilər yaranmışdı. Üstəlik yol boyu piyada səkilərinin olmaması vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı. Artıq bu problem geridə qalır.

 

          Belə ki, eni 9-11 metr arası dəyişən yolun  yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işlərinə başlanılıb.

 

          İki hərəkət zolaqlı olan yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənir. Ümumilikdə yolun Binəqədi-Mehdiabad hissəsinin 42 min m 2 sahəsinin asfaltlanması nəzərdə tutulub.

 

          Bundan başqa vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 2.5 metr enində yeni piyada səkiləri inşa edilib. Səkilərin kənarlarına 7700 p/m səki daşları düzülüb. Hazırda ərazidə piyada səkilərinin hərəkət hissəsinin asfaltlanması işləri aparılır.

 

          Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

 

          Qeyd edək ki, bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Sözügedən hissədə işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Növbəti mərhələdə yolun Mehdiabad-Goradil hissəsinin əsaslı şəkildə təmiri nəzərdə tutulub.