Cocuq Mərcanlı yolunun asfaltlanması işlərinə start verilir - VİDEO / FOTO

15 Mart 2017- 00:00
11 Cocuq Mərcanlı yolunun asfaltlanması işlərinə start verilir - VİDEO / FOTO

       

          Dövlət başçısının “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 3-cü ilinin yekunlarına həsr olunan konfrasda verdiyi tövsiyyə və tapşırıqlara əsasən “Azəravtoyol” ASC tərəfindən 40 kənd və qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı nəzərdə tutulan bütün layihələr uğurla icra olunur.

 

          Bu layihələr arasında iqtisadi və sosial əhəmiyyəti qədər tarixi əhəmiyyət daşıyan layihə də var. Bu işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə yeni yol çəkilişidir.

 

          Ümumi uzunluğu  9 km olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edir. Sözügedən yolun 4 km-i əsaslı şəkildə yenidən qurulur, 5 km-də isə bərpa işləri aparılır.

 

          Layihəyə uyğun olaraq yol boyu aparılan torpaq işləri, yol yatağının tikintisi tam olaraq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası işləri həyata keçirilir, asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Artıq yolun 3 km-lik hissəsi asfatlanmaq üçün hazır vəziyyətə gətirilib.

 

          5 km-lik hissədə aparılan bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız quruntu qazılaraq çıxarılıb, əvəzində torpaq-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirmə işləri aparılıb.

 

          Qalan 4 km-lik hissədə aparılan yenidənqurma işləri zamanı isə yeni yol yatağı və yol əsasının inşası işləri aparılıb. Daha sonra yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. 

 

          Ümumilikdə yolun təqribən 68 min m2  sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa yol boyu 9 ədəd su keçidinin tikintisi, həmçinin 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri də yekunlaşmaaq üzrədir.

 

          Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq. Hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə isə çiyinlərin eni 1.5 metr təşkil edəcək.

 

          Tikinti  işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

 

          Tikinti işlərini “Azəravtoyol” ASC texnoloji ardıcılığa riayət etməklə və yüksək keyifyyətlə həyata keçirir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.