Sahilboyu 12.7 km-lik yeni yolun tikintisi sürətlə davam etdirilir - VİDEOREPORTAJ / FOTO

15 Mart 2017- 00:00
11 Sahilboyu 12.7 km-lik yeni yolun tikintisi sürətlə davam etdirilir - VİDEOREPORTAJ / FOTO

         

 

Bu il 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrinin icra olunması ilə bağlı dövlət başçısının tapşırığına əsasən “Azəravtoyol” ASC tərəfindən ölkə boyu işlərə start verilib. Sözügedən yolların sürətlə, texnoloji ardıcıllığa riayət olunmaqla və ən əsası yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün cəmiyyət bütün qüvvəsini səfərbər edib.

 

          Bu layihələrin biri də Abşeron yarımadasının şimal hissəsində gerçəkləşdirilir. Söhbət sahil boyu salınan və 12.7 km uzunluğunda olan Novxanı-Pirşağı avtomobil yolundan gedir.

 

          Sahil yolu bəzi ərazilərdə mövcud yolu genişləndirməklə, bəzi ərazilərdə isə yeni tras üzrə inşa olunur. Bunun üçün yeni yolun keçdiyi ərazilərə, xüsusən çökəklik sahələrə karbonat materialı tökülüb kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bundan başqa yol boyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb.

 

          Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 metr enində piyada səkilərinin də tikintisi aparılır.

 

          Hazırda yolda torpaq işləri həyata keçirilir, yol əsasının inşası və buna paralel olaraq asfaltlanma işləri aparılır. Ümumilikdə 115 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yol boyu 50 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub. Tikinti işləri bitdikdən sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

 

          Bütün işlər “Azəarvtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

 

          Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəliş təmin olunacaq. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərmiş olacaq.

 

          Xatıqladaq ki, Novxanı-Pirşağı avtomobil yoluna birləşən və uzunluğu 14 km olan Binəqədi-Novxanı-Corat avtomobil yolunun da hazırda tikintisi aparılır.