Saatlıda 19 kəndi birləşdirən avtomobil yolunun tikintisi yekunlaşır - VİDEOREPORTAJ / FOTO

16 Mart 2017- 00:00
11 Saatlıda 19 kəndi birləşdirən avtomobil yolunun tikintisi yekunlaşır - VİDEOREPORTAJ / FOTO

        

           Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

 

          Tikinti işləri Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq bu il yenidən qurulması nəzərdə tutulan 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələri çərçivəsində “Azəravtoyol” ASC tərəfindən aparılır.

 

          Hazırda sözügedən ərazidə asfalt-beton örtüyünün son qatının salınması işləri aparılır.

 

           Yeni avtomobil yolunun tikintisi  vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemi həll etmiş olacaq.

 

            Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun uzunluğu 39 km-dir. Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir.

 

            Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl qarışığı və  optimal qırmadaş qarışığından tikilib. Buna paralel olaraq yola 2 qat olmaqla  12 sm qalınlığında asfalt-beton örtüyü döşənir. Ümumilikdə 175 min m2 ərazinin asfaltlanması işləri aparılır. Bu işlər də hazırda yekunlaşmaq üzrədir.

 

          Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə 36 ədəd suötürücü boruları tikilib. Bundan başqa avtomobil yolunun 7, 31 və 39-cu km-lik hissələrində su kollektoru üzərində yerləşən su keçidlərinin təmiri işləri də aparılıb. Müvafiq olaraq həmin körpülərin uzunluqları  12, 14 və 16 metr təşkil edir.

 

            Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

            Tikinti işləri çərçivəsində hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 157 ədəd yol nişanı və məlumatverici lövhə, 786 ədəd yol təhlükəsizlik dirəkləri quraşdırılacaq, 98.2 km uzunluğunda yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

 

            Qeyd edək ki, Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi 51 mindən çox əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.