Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu yenidən qurulur - VİDEOREPORTAJ / FOTO

10 Mart 2017- 00:00
11 Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu yenidən qurulur - VİDEOREPORTAJ / FOTO

 

 

          Texnoloji ardıcıllığa riayət etməklə və yüksək keyfiyyətlə “Azəravtoyol” ASC –nin rəhbərliyinin nəzarəti altında Ucar rayonunda kəndlərarası avtomobil yolunun tikintisinə başlanılıb.

 

          Bu Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yoludur.

 

          Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə yol boyu yerləşən kədlərin sakinlərinin gediş-gəlişində müəyyən problemlər yaranırdı. Yenidənqurma işlərindən sonra vətəndaşların yolla bağlı qarşılaşdığı problemlər köklü şəkildə həll ediləcək.

 

          Yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7.5 km, mövcud eni isə 6-7 metr arası dəyişir. Tikinti işləri zamanı yolun eni 10 m-ə qədər, 3-4 metr enində genişləndirilir.

 

          Hazırda yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə isə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır.  3 yaşayış məntəqəsini birləşdirəcək yol 2 hərəkət zolağından ibarət olacaq, yəni hərəkət hissəsinin eni 6 metr təşkil edəcək. Layihə üzrə yol çiyinlərinin eni isə 2 metr olacaq.  Torpaq işləri bitdikdən sonra 2 qat olmaqla yolun 45 min m2 ərazisinin asfaltlanması nəzərdə tutulub.

 

          Eyni zamanda  əsaslı tikinti işləri çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 30 ədəd suötrücü borunun quraşdırılması işləri də aparılır.

 

           Tikinti işləri bitdikdən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yol boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yola üfiqi nişanlama xətləri çəkiləcək.

 

          4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələrinin sakinlərinin rayon mərkəzinə rahat çıxışı təmin olunmaqla, onların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının qısa vaxt ərzində və xarab olmadan bazara daşınması mümkün olacaq. Bu isə öz növbəsində həmin ərazinin insanlarının həyat şəraitinin yüksəlməsinə hesablanıb.

 

          Qeyd edək ki, yenidənqurma işləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  2017-ci il 13 yanvar tarixli 2607 N-li sərəncamı ilə təsdiq edilmiş 2017-ci il Dövlət büdcəsi dövlət əsaslı vəsait qoyuluşu (investesiya xərcləri) xərcləri hesabına aparılır.