Göyçayda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu salınır – VİDEOREPORTAJ / FOTO

6 Mart 2017- 00:00
11 Göyçayda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu salınır – VİDEOREPORTAJ / FOTO

 

          Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci il 13 yanvar tarixli 2607 N-li sərəncamı ilə təsdiq edilmiş 2017-ci il Dövlət büdcəsi dövlət əsaslı vəsait qoyuluşu (investesiya xərcləri) xərcləri hesabına, Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı  avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib.

 

          Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı  avtomobil yolu əvvəllər torpaq və çınqıl örtüklü olduğundan xüsusən payız-qış mövsümündə avtonəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində müəyyən çətinliklər yaradırdı. Əsaslı tikinti işlərindən sonra bu problemlər geridə qalacaq. Vətəndaşlar maneəsiz hərəkət edə biləcəklər.

 

          4-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun ümumi uzunluğu 17 km-dir. Salınacaq yolun 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə yolun çiyinlərinin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işləri zamanı sözügedən yol  6-7 metrdən 10 metrə qədər genişləndirilir.

 

          Hazırda yol boyu torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir. Torpaq işləri bitdikdən sonra yola 2 qat asfalat- beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 12 sm olmaqla yolun 100 min m- dən çox ərazisinin asfatlanması nəzərdə tutulub.

 

          Layihə çərçivəsində suların ötürülməsi üçün 55 yerdə müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, mövcud 1 avtomobil körpüsü isə əsaslı şəkildə bərpa ediləcək. Tikinti işləri bitdikdən sonra isə yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 37 ədəd yol nişanı qoyulacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

 

          Tikinti işləri texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

 

          Qeyd edək ki, Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidən qurulması 6 yaşayış məntəqəsinin sakinlərinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat, maneəsiz və təhlükəsiz şəkildə çıxışını təmin etməklə, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq.