“Azəravtoyol” ASC-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər – VİDEO / FOTO

22 Fevral 2017- 00:00
11  “Azəravtoyol” ASC-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər – VİDEO / FOTO

 

          22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə “Azəravtoyol " Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov və cəmiyyətin kolektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

       

          Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
        

          Daha sonra “Azəravtoyol" ASC-nin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

        

         Peşə bayramı tədbiri “Azəravtoyol” ASC-nin inzibati binasının akt zalında davam etdirilib.

        

         Tədbiri giriş sözü ilə açan Cəmiyyətin sədri Saleh Məmmədov ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasətin dayandığını bildirib və ulu öndərin “Yol iqtisadi inkişafın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz” sözlərinin onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiq etdiyini əlavə edib.

        

         Tədbir zamanı qeyd olunub ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir.

 

          Bunun bariz nümunəsidir ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına səbəb olmaq məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-ci il ərzində ümumilikdə 48 yol infrastrukturunun yenidən qurulması ilə bağlı sərəncam imzalanıb. Bu sərəncamlarla nəzərdə tutulan layihələrin icrası 2 mln nəfər əhalinin yaşadığı 356 yaşayış məntəqəsini birləşdirən 900 km avtomobil yolunu əhatə edir. 2017-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək və daha 40 kəndlərarası, qəsəbələrarası avtomobil yollarının tikintisi ilə bağlı sərəncamın verilməsi nəzərdə tutulub. Bu sərəncamlar da öz növbəsində daha 2 mln nəfərə yaxın əhalinin yaşadığı yaşayış məntəqələrini birləşdirəcək.

 

          Sonda "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuş və “Əməkdar mühənddis” fəxri adına layiq görülən şəxsləri bir daha təbrik edib, həmçinin cəmiyyətdə uzunmüddətli, səmərəli əmək fəaliyyəti nəzərə alınaraq bəzi əməkdaşlara fəxri diplom və mükafatlar təqdim edərək onlara iş fəaliyyətində uğurlar arzu edib.