22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür

22 Fevral 2017- 00:00
11 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür

 
             22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra  hər il  bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.

 

            Artıq 9-cu ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri hazırda ölkəmizdə gedən sosial-iqtisadi inkişafına dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.

 

           “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir. 

 

          Qeyd edək ki, cəmiyyətin balansında ümumi istifadədə olan 17543 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i Respublika əhəmiyyətli, 13158 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollardan 2670 km-i hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Cəmiyyətin balansında 1314 ədəd körpü var. 160 körpü işqal olunmuş ərazilərdə yerləşir.