Yollarda yağış-kanalizasiya sistemi qurulur

8 Oktyabr 2015- 00:00
11 Yollarda yağış-kanalizasiya sistemi qurulur

         “Azəryolservis” ASC tərəfindən 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə hazırlanan tədbirlər planına uyğun olaraq işlər aparılır. Bu işlər çərçivəsində Heydər Əliyev prospektinin “Sabunçu yol qovşağı”ndan (Komsomol dairəsi) Bakıxanov qəsəbəsinə gedən yolda səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qurulmasına işlərinə start verilib. 

           Yağış-kanalızasiya sisteminin qurulması üçün yolun kənarı 1,5-3,5 metr dərinlikdə qazılıb. Səth sularının normal axıdılması üçün 400 millimetr diametrlik borudan istifadə olunur, hər 25-30 metrdən bir kanalizasiya quyuları qoyulur. Bundan sonra qazılan ərazinin üstü bərkidilərək, asfaltlanacaq və quyuların üzərinə yağış barmaqlıqları qoyulacaq.

       İşlər tərtib olunmuş qrafikə uyğun yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə  “Azəryolservis” ASC tərəfindən lazımi sayda qüvvə cəlb olunub. İşlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır. Yaranmış müvəqqəti narahatçılığa görə, cəmiyyət vətəndaşlardan üzr istəyir.

         Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi olmadığı üçün həm yağış yağarkən, həm də yolun kənarlarındakı yaşıllıq suvarılarkən axıdılan su yolun hərəkət hissəsinə yığılırdı. Bu isə həm nəqliyyat vasitələrinin hərəkətinə mane olurdu, həm də yolun asfalt-beton örtüyünün yuyulmasına səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq həmin yolda “Azəryolservis” ASC tərəfindən yağış-kanalizasiya sisteminin qurulması işlərinə start verildi.