Sabunçu-Ramana avtomobil yolunda son tamamlanma işləri aparılır - VİDEO / FOTO

16 Yanvar 2017- 00:00
11 Sabunçu-Ramana avtomobil yolunda son tamamlanma işləri aparılır - VİDEO / FOTO

 

           Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı aparılan işləri yekunlaşmaq üzrədir.

 

           Tikinti işləri Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə aparılır.

 

            Sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılır.

 

            Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5.7 km, yolun hərəkət hissəsinin üni 9 metr, hər iki tərəfdə çiyinlərin (piyada səkiləri) eni isə 1.5 metr təşkil edir.  

 

           Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Daha sonra yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib.  Hazırda yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir ki, bu işlər də artıq yekunlaşmaq ərəfəsindədir. Ümumilikdə yolun təqribən 60 min m2  ərazisinin asfaltlanması nəzərdə tutulub.

 

          Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1.5 metr enində piyada səkilərinin tikintisi və yol boyu 6426 paqon-metr yeni səki daşlarının düzülməsi işləri aparılıb.

 

         Tikinti işləri tam bitdikdən sonra layihə üzrə nəzərdə tutulmuş və avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

           

          Qeyd edək ki,  Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.