“Şamaxinka”da “tıxac”ların qarşısını almaq üçün tədbirlərə başlanıldı – FOTO

12 Yanvar 2017- 00:00
11 “Şamaxinka”da “tıxac”ların qarşısını almaq üçün tədbirlərə başlanıldı – FOTO

          Bakı şəhərində müəyyən ərazilərdə avtonəqliyyat vasitələlərinin sıxlığını azaltmaq məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir.

 

          Bu tədbirlər çərçivəsində Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan “Şamaxinka” deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilir.

 

          Belə ki, xüsusən günün pik saatlarında sözügedən əraziyə avtonəqliyyat vasitələrinin həm Bakı Dairəvi-1 avtomobil yolundan, həm də Sumqayıt şəhəri istiqamətindən daxil olması və bir-çox hallarda sürücülərin avtomobili nizamsız şəkildə idarə etməsi “tıxac”a, hərəkətin iflic olmasına səbəb olur. Sıxlığın, o cümlədən hər iki istiqamətdən daxil olan avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədi ilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf Bakı Dairəvi-1 avtomobil yolundan gələn avtomobillər üçün ayrılır. Sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir-beton maneələr düzülür.

 

          Meneələr tunelin üzərində yerləşən birinci geri dönməyə qədər düzüləcək. Bununla da dairəvi yoldan gələn avtonəqliyyat vasitələri məcburi şəkildə ancaq tunelin üzərindəki ikinci geri dönmə hissədən istifadə edərək geri dönməni həyata keçirə biləcəklər. Təbii ki, düzünə, “20 Yanvar” dairəsinə doğru da maneəsiz şəkildə hərəkət edə biləcəklər. Nəticədə Sumqayıt şəhəri istiqamətindən gələn avtonəqliyyat vasitələri ilə dairəvi yoldan çıxan avtomobillərin həmin ərazidə kəsişməsi aradan qaldırılaraq “tıxac” müəyyən qədər azaldılmış olacaq.  

 

          “Şamaxinka” ərazisində ediləcək daha bir dəyişiklik yolun genişləndirilməsi ilə bağlıdır. Belə ki, yol sağa doğru 3-4 metr enində genişləndiriləcək. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb. Genişləndirmədən sonra yolda daha 1 hərəkət zolağı yaranmış olacaq. Bu da öz növbəsində sözügedən ərazidə sıxlığın qarşısını almaq üçün müsbət bir addım olacaq.

 

          Genişləndirmə işləri ilkin etapda Moskva prospektinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən “2-ci Alatava” küçəsi ilə kəsişməyədək olan hissəsində aparılacaq. İşlərinin qısa müddət ərzində və hərəkətə maksimum dərəcədə maneə yaratmadan aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunur.