Az    |     En
      

        

          Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı şəhərində daha iki yerüstü piyada keçidi istifadəyə verilib.

 

         Piyada keçidləri M-1 Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci km-də və Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesində inşa olunub.

 

         Keçidlərin istifadəyə verilməsi mərasimində “Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayev, cəmiyyətin digər rəhbər şəxsləri, həmçinin sözügedən rayonların rəhbərliyi və ictimayyəti iştirak ediblər.

 

          Keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib.  Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

 

         “Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən keçidlərin dayaqları dəmir-beton, aşırım hissələri isə metal konstruksiyadan ibarətdir. Hər ikisinin pilləkan hissədən ibarət 2 giriş-çıxışı mövcuddur.

 

         M-1 Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci km-də inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 44.8 metr, pilləkən hissəsinin uzunluğu 20 metr olmaqla, ümumi uzunluğu 64.8 metr təşkil edir. Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına uyğun inşa edilmiş 1 aşırımlı (orta dayaqsız) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5.5 metrdir.

 

         Sözügedən keçidin tikintisində 65 ton metal, 280 m3 beton, 27.4 ton armatur, 60 m2 qranit 600 m2 aqlay istifadə olunub. layihə çərçivəsində keçidin yanında vətəndaşların rahat şəkildə avtobuslardan istifadə etməsi üçün 2 ədəd dayanacaq inşa olunub.

 

         Qeyd edək ki, keçidin tikintisinə cari ilin iyun ayında başlanılıb.

 

         Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesində inşa inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 42.3 metr, pilləkən hissəsinin uzunluğu 32.7 metr olmaqla, ümumi uzunluğu 75 metr təşkil edir. Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına uyğun inşa edilmiş 2 aşırımlı (orta dayaqlı) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5.5 metrdir.

 

         Müntəzəm sərnişin daşıması ilə məşğul olan avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədi ilə keçidin yerləşdiyi ərazidə yol hər bir istiqamət üzrə genişləndirilərək əlavə hərəkət zolaqları yaradıllıb, yeni piyada səkiləri inşa edilib.

 

         Sözügedən keçidin tikintisində isə 44.9 ton metal, 160.2 m3 beton, 21.5 ton armatur, 586 m2 qranit, 18 m2 aqlay və fasadın üzlənməsi üçün 1139 m2 alkopan materialı istifadə olunub.

 

         Cari ilin sentyabr ayında başlanılan tikinti işləri tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

 

         Qeyd edək ki, hazırda Bakı şəhəri ərazisində 11 yerdə yeraltı və yerüstü piyada keçdilərinin inşası aparılır. Yaxın gələcəkdə zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət piyada keçidlərinin inşası nəzərdə tutulub.

 

          

 

30.12.2016