Saleh Məmmədovun "Azərbaycan" qəzetində dərc olunmuş müsahibəsi

21 Dekabr 2016- 00:00
11 Saleh Məmmədovun

 

Azərbaycanın avtomobil yolları Avropanın magistrallarından heç də geri qalmır

21 Dekabr 2016

 

“Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”

Heydər ƏLİYEV

 

Artıq 14 ilə yaxındır ki, Azərbaycanın hər yerində abadlıq və quruculuq işləri davam edir. Bu səbəbdən ölkəmizə turist axını da güclənir. Təkcə bu il 2015-ci illə müqayisədə Azərbaycana gələn turistlərin sayı 11 faiz artmışdır. Cari ilin son 9 ayında yalnız Dubaydan ölkəmizə 22 min nəfər turist gəlmişdir. İraqlı turistlərin sayı isə 17 min nəfəri ötmüşdür. Bütün bunlar respublikamıza artan marağın bariz nümunəsidir. 
İnkişafımızın başlıca göstəricilərindən biri də, şübhəsiz ki, yollarımızdır. Ölkəmizdə əsas yol şəbəkəsinin tikintisi və yenidən qurulması sahəsində öhdəlikləri və iri layihələri isə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Müsahibimiz ASC-nin sədri Saleh Məmmədovdur.


- Saleh müəllim, Azərbaycanın regionlarında yollarımızın bugünkü vəziyyəti barədə nə deyə bilərsiniz?


- Öncə deyim ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkədə quruculuq işlərinə güclü təkan vermişdir. Mübaliğəsiz deyirəm, bu gün Azərbaycanın yol infrastrukturunun təzələnməsi və təkmilləşməsi bizdə fərəh doğurur. Yeni yollar istifadəyə verildikcə yol inşaatçılarımız sanki rahatlıq tapır və daha da ürəkdən çalışırlar. 
Çin mütəfəkkiri Loo Szının sözləridir: “Min kilometrlik yol sadəcə bir addımla başlayır”. Məhz biz də cari ildə bir addımla başlayıb çəkdiyimiz magistral yolun uzunluğunu 299, yerli əhəmiyyətli yolların uzunluğunu isə 180 kilometrə çatdırmışıq. Kollektivimiz 115 kilometrlik Muğanlı-Yevlax, 29 kilometrlik Qaraməryəm-İsmayıllı, Qobustan rayonunda 17 kilometrlik Təklə-Sündü-Xilmilli, Yardımlı rayonunda 46 kilometrlik Yardımlı-Deman-Arvana, Qəbələ rayonunda 122 kilometrlik Nohurqışlaq-Tüntün-Yengicə, Biləsuvar rayonunda 6 kilometrlik Əsgərəbad-Muğan-Çaylı, Qusar rayonunda 24,7 kilometrlik Qusar-İmamqulukənd-Quxuroba, Xaçmaz rayonunda 24,8 kilometrlik Xudat-Yalama-Zuxuloba, Qazax rayonunda 8 kilometrlik Kosalar yollarını tamamilə yenidən qurmuşdur. Ələt-Astara-İran İslam Respublikası dövlət sərhəd avtomobil yolunun 23,4 kilometrlik, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhəd avtomobil yolunun 87,8 kilometrlik Kürdəmir-Ucar-Yevlax hissələrinin tikintisi də başa çatmışdır. Eyni zamanda, Salyan rayonunda Babazanan yaşayış massivini şəhər mərkəzi ilə birləşdirən, uzunluğu 200, eni 14,5 metr olan müasir tipli körpü tikib istifadəyə vermişik. Bununla, Babazanan yaşayış massivində yaşayan 6 mindən artıq əhalinin Salyan rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşmışdır. Yeri gəlmişkən qeyd edim ki, ölkə üzrə ümumi istifadədə olan 12 yeni avtomobil körpüsü tikmiş, 5 körpünü isə təmir etmişik. Həmçinin Bakı-Şamaxı yolunun Cəngi qəsəbəsindən keçən hissəsində piyada keçid salmışıq. 
Məlum olduğu kimi, dekabrın əvvəllərində Prezident İlham Əliyev ölkənin strateji əhəmiyyətli ərazisində - Tərtər rayonunun Sarıcallı kəndində Tərtər çayı üzərində inşa etdiyimiz körpünün açılışında iştirak etmişdir. Bu, yol inşaatçılarımızın böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Biz qürur duyuruq ki, Prezident yol inşaatçılarının ən yaxın dostudur. Təsadüfi deyil ki, dövlət başçısı təkcə cari ildə 17 dəfə avtomobil yolu, körpülər və yol qurğularının açılışında və təməlqoyma mərasimlərində iştirak etmişdir. 
Onu da qeyd edim ki, Prezidentin birbaşa göstərişi ilə 2013, 2014 və 2015-ci illərdə tikintisinə başlanılmış kəndlərarası avtomobil yollarının inşasının başa çatdırılması, habelə Bakı şəhəri və qəsəbələrində avtomobil yollarının tikintisi və yenidən qurulmasının davam etdirilməsi 2016-cı ildən etibarən “Azəravtoyol” ASC-yə həvalə edilmişdir və bu, bizə göstərilən çox böyük etimaddır. Bu etimada cavab olaraq biz yol infrastrukturunu dəyişmək, müasir tipli yollar çəkmək üçün var qüvvəmizi əsirgəmirik. 
İcra olunası layihələrimiz isə çoxdur. Hazırda kollektivimiz dövlət başçısının imzaladığı 46 sərəncama əsasən, 34 rayon və şəhərdə uzunluğu 823,5 kilometr olan avtomobil yollarının tikintisini və 2 körpünün bərpası ilə məşğuldur. İndiyəcən isə şəhər tipli məntəqələrdə yaşayan 1,5 milyon əhalinin gediş-gəlişini asanlaşdırmışıq. 20 kəndlərarası və qəsəbələrarası avtomobil yollarının tikintisini artıq başa çatdırmışıq. Ümumi uzunluğu 370 kilometr olan bu yollar 147 yaşayış məntəqəsini birləşdirir. Daha 610 min əhalinin yaşadığı 47 yaşayış məntəqəsini birləşdirən 6 kənd və qəsəbələrarası 120 kilometrlik yolların tikintisini və bir avtomobil körpüsünün bərpasını isə yekunlaşdırmaq üzrəyik. Bütövlükdə ölkə ərazisində 84 kəndlərarası avtomobil yolu layihələrini həyata keçirməyi düşünürük. Həmin yolların uzunluğu 2101 kilometrdir ki, onun da 1149 kilometri yeni tikiləcək. Həmin layihələrin həyata keçirilməsi 1,6 milyon əhalinin yaşadığı 859 yaşayış məntəqəsini əhatə edəcək. Bu da həmin kəndlərin əhalisinin təzə avtomobil yollarından rahatlıqla istifadə etməsi, tədarük etdikləri kənd təsərrüfatı məhsullarını qısa vaxt ərzində istədikləri ünvanlara çatdıra bilmələri deməkdir. 


- Paytaxtın avtomobil yolları barədə nə deyə bilərsiniz?


- Xəbər verildiyi kimi, dekabrın 8-də dövlət başçısının iştirakı ilə Ramana-Maştağa və Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yollarının açılışları olmuşdur. Bununla, Sabunçu rayonunun 85 min, Suraxanı rayonunun isə 63 min əhalisinin gediş-gəlişi xeyli asanlaşmışdır. Bundan əlavə, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində paytaxtda ümumi uzunluğu 63,2 kilometr olan 30-dan çox avtomobil yolu, prospekt və küçə yenidən qurulmuş və təmir edilmişdir. 9 kilometrlik Maştağa-Bilgəh, Nardaran qəsəbəsində 3,4 kilometrlik Abşeron və Nəsrullah Əsgərov küçələri, Nizami rayonunda 4 kilometrlik Qara Qarayev prospekti yenidən qurulmuşdur. Həmçinin Bakının bir çox prospekt və küçələri də əsaslı təmir olunmuşdur. Ümumiyyətlə, Bakının bütün inzibati rayonlarının ərazisində 247,2 min kvadratmetr sahədə cari təmir işləri aparılmışdır. Bu zaman 708 min ton asfalt beton istehsal edilmiş, 40,4 min ton bitum və 3,5 min ton mazutdan istifadə edilmişdir. İstifadə etdiyimiz asfalt-beton qarışıqlarının keyfiyyətinə xüsusi diqqət yetiririk. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutunun əməkdaşlarının tövsiyələrini nəzərə alaraq 62,2 ton bituma adgeziya qatqısından və İtaliyadan gətirilmiş xüsusi polimerdən istifadə edərək asfalt-beton örtüyünün üst aşınma layının daha keyfiyyətli tikintisinə nail oluruq. Əlavə olaraq digər yeniliklərdən və qabaqcıl təcrübədən də daim istifadə edirik.


- Saleh müəllim, yol tikintisində xarici investisiya ilə maliyyələşən layihələr varmı?


- Təbii ki, var. Ümumiyyətlə, biz yol infrastrukturunun yenidən qurulması və daha da təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı, beynəlxalq institutlardan və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına da irimiqyaslı layihələr həyata keçirməyə çalışırıq. Onlardan biri Ağstafa-Poylu-Gürcüstan Respublikası dövlət sərhəd avtomobil yolunda 4 müasir körpünün layihələndirilməsi və tikintisidir. Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşən həmin layihələr hesabına 3 körpü Ağstafa-Poylu-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunda, 1 körpü isə Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunda inşa olunur. Tikinti işlərini Azərbaycanda fəaliyyət göstərən “Körpü-Bina-Tikinti” və “Gəncə-Körpü-Tikinti-2” MMC-lərin yaratdığı konsorsium aparır. Məsləhətçi şirkət isə İtaliyanın İRD “Engineering” şirkətidir. Bu 4 körpü Kür çayı, Ağstafaçay, Acədərəçay və dəmir yolu üzərində inşa edilir. Artıq layihə üzrə işlərin 45-53 faizi görülmüşdür. Bundan əlavə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun (M-4) Bakı-Şamaxı hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi də xarici sərmayə hesabına həyata keçirilir. Azərbaycan hökumətinin Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə bağladığı sazişə əsasən, həmin yolun 101 kilometrlik hissəsi adı çəkilən bankın krediti hesabına genişləndirilir. Hazırda yolun 15-45, 45-67 və 67-91 kilometrlik hissələrində tikinti işləri gedir. Türkiyənin “Polat Yol Yapı”, Cənubi Koreyanın “Pyunthwa Engenering” və Azərbaycanın “Körpü-Bina-Tikinti” MMC şirkətlərinin inşaatçıları yolun vaxtında istifadəyə verilməsi üçün var qüvvə ilə çalışırlar.
Mingəçevir-Bəhrəmtəpə yolunun da üç hissə ilə inşa edilməsi nəzərdə tutulur. Eyni zamanda, uzunluğu 243 kilometr olan Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi yolu layihəsi icra olunur. Yeni trass üzrə I dərəcəli dördzolaqlı bu yol məsafəni 39 kilometr qısaltmaqla 203,9 kilometr olacaq. Artıq Salyan rayonu ərazisində Kür çayı və Lənkəran rayonu ərazisində Lənkərançay üzərində körpülərin tikintisi başa çatmışdır. Hazırda yolun planda nəzərdə tutulan 149,5 kilometr hissəsində işlər gedir. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən bu yolun Yenikənd-Salyan və Salyan-Şorsulu hissələrində podratçı “Yevraskon-Azvirt” müəssisəsi çalışır. Tikinti işlərinə texniki nəzarəti Almaniyanın “Kocks GmBH Konsulting” şirkəti həyata keçirir. Yeni trassın Şorsulu-Cəlilabad, Cəlilabad-Masallı, Masallı-Astara hissələrinin tikintisi isə podratçı “Kolin İnşaat, Turizm, Sənaye və Ticarət” AŞ, podratçı “Özgün Yapı, Sənaye və Ticarət” AŞ, “Polad yol Yapı Sənaye və Ticarət” AŞ tərəfindən yerinə yetirilir. Texniki nəzarət ABŞ-ın “Tera İnternational Group”, İtaliyanın “İRD Engerering” və “Nippon Koei uk” şirkətlərinə həvalə edilmişdir. Onu da deyim ki, artıq layihə üzrə işlərin təqribən 64-79 faizi görülmüşdür.


- Bəs, “Azəravtoyol” ASC-nin əsas öhdəlikləri barədə nə deyə bilərsiniz?


- ASC-nin öhdəliklərindən ən əsası hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Məsələn, bir müddət əvvəl Bakıdan ölkəmizin şimal və şimal-qərb istiqamətlərinə çıxış və girişini fasiləsiz təmin etmək məqsədilə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarının müxtəlif hissələrində nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerləri aşkar etdik. Həmin maneələr daxili imkanlarımız hesabına qısa müddətdə aradan qaldırıldı. Bu kimi işlərdən əlavə, cari ilin əvvəlindən yollarda 2985 yol nişanı və məlumatverici lövhə, 1115 siqnal dirəyi, 3860 siqnal bayrağı, 25137 paqonmetr əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, yollar xətlənmişdir. 


- Sadaladığınız işləri görmək üçün təbii ki, maddi-texniki baza lazımdır.


- Sözsüz belədir. Yalnız son vaxtlar “Azəravtoyol” ASC-də maddi-texniki bazanı gücləndirmək məqsədilə 3 buldozer, 14 tonluq 1 vərdənə və 10 hidrovlik çəkic almışıq. Bu il ASC-nin tabeliyindəki Bakı 2 nömrəli Yol İstismarı MMC-nin nəzdində Almaniyadan alınmış “Linteks 3000” markalı, məhsuldarlığı 240 ton-saat olan asfalt-beton və emulsiya zavodları quraşdırılaraq istismara verilmişdir. Zavodun ərazisində hər biri 100 ton 11 bitum çəni qoyulmuşdur ki, bunun da 2 çəni xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt-beton qarışığı istehsal edir. Zavod həm dizel, həm də təbii qazla işləyir. Elə buna görə də ərazidə 35 ton dizel çəni quraşdırılmış, qaz təminatı üçün 4 kilometrlik yüksək təzyiqli qaz xətti çəkilmişdir. Bundan əlavə, elektron xidmət bölməsi yaratmışıq və hazırda ondan da səmərəli istifadə edirik.
Yeri gəlmişkən qeyd edim ki, biz həmçinin ümumilikdə 3424 kilometr avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət edirik. Hazırda magistral və respublika əhəmiyyətli yolların mühafizə zolağında 1,1 milyon, o cümlədən 956,6 min çoxillik ağac mövcuddur. Təkcə cari ilin 9 ayında 97,5 min müxtəlif növ ağac və gül kolu əkmişik. Onu da bildirim ki, biz bu zaman ASC-nin yol yaşıllaşdırma MMC-lərinin yetişdirdikləri müxtəlif növ ağac və kollardan istifadə edirik. Hazırda tinglik sahələrimizdə 100 minə yaxın ağac və gül kolu yetişdirilir.


- Bəs, qış mövsümünə hazırlıq nə yerdədir?


- Bununla əlaqədar yay aylarında qərargah yaratmış və tədbirlər planı təsdiq etmişik. Həmin tədbirlər çərçivəsində yolların və yol qurğularının istismarı vəziyyəti barədə gündəlik məlumatlar toplanır. Bundan əlavə, “Azərduz” ASC ilə bağladığımız müqaviləyə əsasən, 2000 ton duz alaraq tabeliyimizdə olan müəssisələrə paylanmış, maşın mexanizmlər və avtomobil nəqliyyatı vasitələrimiz saz vəziyyətə gətirilmiş, yol nişanlarının, yol avadanlıqlarının, işıq əks etdirən siqnal dirəklərinin, avtomobil dayanacaqlarının texniki vəziyyətinə baxış keçirilmiş, mövcud nöqsanlar aradan qaldırılmışdır. Eyni zamanda, avtomobil yollarında cari təmir, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin, küvetlərin təmizlənməsi işləri görülmüş, yol inşaatçılarımız, sürücülərimiz və mexanizatorlarımız xüsusi geyimlər ilə təchiz edilmişdir. 


- Yeni il üçün arzularınızı eşitmək istərdik. 


- Arzularımız çoxdur. İlk növbədə, kollektivimiz adından xalqımıza yeni ildə firavanlıq və əmin-amanlıq arzulayıram. Qarşıdan həm də dövlət başçısı İlham Əliyevin doğum günü gəlir. Yol inşaatçıları bu münasibətlə Prezidenti təbrik edir, xalqımızın rifahı, Azərbaycanın firavan gələcəyi naminə dövlətimizin başçısına böyük uğurlar arzulayır.

 

Müsahibəni apardı:
Məhərrəm SƏFƏRLİ,
“Azərbaycan”