"Ağ şəhər"də 2 km-ə yaxın küçədə tikinti işləri yekunlaşır - VİDEOREPORTAJ / FOTO

19 Dekabr 2016- 00:00
11

          “Ağ şəhər”  layihəsi çərçivəsində “Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 2 km-ə yaxın əsas və kəsişən bir-neçə küçədə aparılan tikinti işləri yekunlaşmaq üzrədir.

 

Sözügedən küçələr bunlardır:

  1. Xəqani Rüstəmov küçəsinin 520 m-lik hissəsi;
  2. 1-ci Yaşıl ada küçəsinin 420 m-lik hissəsi;
  3. 2-ci Yaşıl ada küçəsinin 450 m-lik hissəsi;
  4. Bu küçələrlə kəsişən və hər birinin uzunluğu 113 m olan 4 kiçik küçə.

 

          Adı çəkilən küçələrdə köhnə yararsız qrunt 2 m-ə yaxın dərinlikdə qazılaraq çıxarılıb, əvəzində karbonat materialı tökülərək, kipləşdirilib və yeni yol yatağı inşa olunub, həmçinin zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib.

 

          Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Növbəti etapda isə asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

 

          Layihə çərçivəsində küçələrdə 20 min m2   piyada səkisi və yol ayrıcı inşa olunub, hazırda üzərlərinə tamet daşları döşənir. Səki və yol ayrıcının kənarlarına ümumilikdə 15 min p/m qranit-mərmər səki daşı düzülüb. Bundan başqa yolların kənarlarında (səkilərdə) 300-ə yaxın çinar və zeytun ağacı əkilib.

 

          Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 500 ədəd yol işıqlandırma dirəkləri quraşdırılır.  Bundan başqa şəhər salma prinsiplərinə uyğun olaraq yolların kənarlarında (səkilərdə) fiziki qüsurlu vətəndaşların rahat hərəkəti üçün səsli svetaforlar, səkiyə qalxıb-enmək üçün enişli-yoxuşlu ramplar qoyulacaq, həmçinin avtomaşınlar rahat parklaması üçün xüsusi parking yerləri də nəzərdə tutulub.

 

          Xəqani Rüstəmov Küçəsi İlə Nobel Prospekti kəsişməsində layihələndirilən yeraltı piyada keçidində isə işlər tamamlanmaq üzrədir. Burda 220 m uzunluğunda qalereyanın tam tikintisi  yekunlaşıb, hazırda  mərmər-qranitdən istifadə edilməklə tavanın üzlənməsi işləri davam aparılır.  Bundan başqa keçidə 8 ədəd  çöl şəraitində üçün hesablanmış eskalator gətirilərək quraşdırılıb.

 

            Qeyd edək ki, “Xəqani Rüstəmov küçəsi və "Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla ümumi uzunluğu 22.3 km, eni isə 16 m-dən 47 m-ə kimi dəyişən 63 çoxsaylı kəsişən yollar yerləşir. Yollar hər birinin eni 3.5 m olmaqla 2,4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 m olmaqla müxtəlif ölçüdədir.

 

            Bundan başqa layihə çərçivəsində 2 yerdə, Xəqani Rüstəmov küçəsinin Nobel prospekti və Süleyman Vəzirov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub.