Növbəti yaşıllaşdırma aksiyası zamanı 10 min ağac əkildi – VİDEO / FOTO

21 Noyabr 2016- 00:00
11 Növbəti  yaşıllaşdırma aksiyası zamanı 10 min ağac əkildi – VİDEO / FOTO

 

          Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair qəbul edilmiş dövlət proqramlarının icrasının təmin edilməsi məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən avtomobil yollarının ayırıcı və mühafizə zolaqlarındakı yaşıllıqlara aqrotexniki qaydalara uyğun qulluq edilməsi, yeni yaşıllıqların salınması, onların uçot sisteminin təkmilləşdirilməsi, mühafizənin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsinə diqqət daha da artırılıb.

 

 

         “Azəravtoyol” ASC-nin kollektivi tərəfindən bu dəfə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 35-40-cı km-lik ərazisinin mühafizə zolağında ağacəkmə aksiyası keçirilib. Ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə keçirilən aksiyada Cəmiyyətin sədri Saleh Məmmədov və qurumun digər rəhbər şəxsləri də yaxından iştirak ediblər.

 

 

            Cəmiyyətin 100 nəfərdən artıq işçisinin və 10 ədəd maşın mexanizmin cəlb edildiyi tədbir zamanı 250 min m2 ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb. Aksiya zamanı 10 min ədəd eldar şamı və sərv ağacları əkilib. Əkilən ağaclar Cəmiyyətin 1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin tinglik sahələrində yetişdirilib.

 

 

            Qeyd edək ki, yaşıllaşdırma tədbirləri respublikanın digər avtomobil yollarında da davam etdirilir. Belə ki, bu ilin payız əkin mövsümündə Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala və Bakı-Ələt-Astara avtomobil yollarının mühafizə zolaqlarına 35 min ədəd ədəd eldar şamı, iydə, ağcaqayın, aksiya, sərv digər müxtəlif növ ağac əkilib. Mövsümün sonuna kimi əlavə olaraq daha 25 min ədəd ağacın əkilməsi nəzərdə tutulub. Ümumilikdə isə cari ilin əvvəlindən “Azəravtoyol” ASC tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolağında 138 min ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

 

             Avtomobil yollarının istismarında mühafizə və ayırıcı zolaqlarının yaşıllaşdırılması ilə onların külək və su eroziyasından, qar yığıntısından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması və avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılması təmin edilir, mənfi təbii, antropogen və texnogen hallardan mühafizə olunur.

 

            “Azəravtoyol” ASC-nin Yol Yaşıllaşdırma MMC-ləri 1600 km magistral və 1824 km respublika əhəmiyyətli olmaqla, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolaqlarındakı yaşıllıqlara xidmət göstərir. Hazırda magistral və respublika əhəmiyyətli  avtomobil yollarının mühafizə zolağında 1 236 157 ədəd, o cümlədən 895 625 ədəd çoxillik ağac mövcuddur.