Füzuli rayonunda yol infrastrukturu sahəsində mühüm layihə icra olunur – VİDEOREPORTAJ / FOTO

13 Oktyabr 2016- 00:00
11  Füzuli rayonunda yol infrastrukturu sahəsində mühüm layihə icra olunur – VİDEOREPORTAJ / FOTO

        

            “Azəravtoyol” ASC tərəfindən inşası aparılan Füzuli rayonu Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla uzunluğu 23 km-dir.

 

            Yol 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Qəsəbələrdən keçən hissələrdə yolun hərəkət hissəsinin eni 6 metr, digər ərazilərdə isə 7 metrdir. Layihə çərçivəsində hər bir istiqamət üzrə 2.5 metr enində çiyinlər də daxil olmaqla yol yatağının eni 12 metr təşkil edir.

 

            Artıq sözügedən avtomobil yolunun 14 km-lik hissəsində tikinti işləri tam olaraq yekunlaşdırılıb, hazırda qalan 9 km-lik hissədə torpaq və asfaltlanma işləri aparılır. Daha dəqiqi qum-çınqıl və  optimal qırmadaş qarışıqlarından ibarət yol geyiminin əsasının tikintisi və yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Yolun hazır olan 14 km-lik hissəsində 98 min m2 ərazi asfaltlanıb, tikintisi davam edən 9 km-lik hissədə isə daha 63 min m2 ərazinin asfaltlanması işləri aparılacaq.

 

            Layihə çərçivəsində 15 yerdə su keçidlərinin və su borularının tikintisi işləri aparılıb. Bundan başqa yolun 5-ci km-də, Mil kanalı üzərində avtomobil körpüsü əsaslı şəkildə bərpa edilir. Sözügedən körpü 1 aşırımlı olmaqla uzunluğu 18 metrdir, hərəkət hissəsi 9 metr, 1.5 metr enində səkilər də daxil ümumi eni 12 metr təşkil edir. Yolda tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanlarının quraşdırılması və yola üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.   

 

            Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında aparılır. Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi 12 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq.