Kiş çayı üzərində 88.2 metr uzunluğunda yeni körpü inşa edilir - VİDEOREPORTAJ / FOTO

29 Sentyabr 2016- 00:00
11 Kiş çayı üzərində 88.2 metr uzunluğunda yeni körpü inşa edilir - VİDEOREPORTAJ / FOTO

          Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq tikinti işlərinə start verilib.

 

          Yeni inşa edilən körpünün uzunluğu 88.2 metr, 8 metr hərəkət hissəsi və hər bir tərəfdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqəsədi ilə 1.5 metr enində piyada səkiləri də daxil olmaqla ümumi eni 11 metrdir.

 

          Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçiriləcək. Körpü orta dayaqsız bir aşırımlı ( 81 m. ) inşa olunacaq və çay yatağından hündürlüyü 7 metr olacaq. Bu isə öz növbəsində gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını almış olacaq.

 

          Bundan başqa çayda su axının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 metr hissəsinin hündürlüyü artırılacaq, sol sahildə isə 45 metr uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunacaq.

 

          Xatırladaq ki, cari ilin iyul ayında yağan leysan nəticəsində sel suları Şəki rayonunun ərazisində Kiş çayı üzərindəki avtomobil körpüsünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. “Azəravtoyol” ASC tərəfindən dərhal əraziyə ağır texnika və canlı qüvvə cəlb olunmuşdu. Qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunmuşdu.

 

          Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması və 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 16 avqust 2016-cı il tarixində müvafiq sərəncam imzalanmışdı.