Az    |     Ru    |     En
      

          Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib.

 

          Dövlətimizin başçısı əvvəlcə yolun tikinti layihəsini əks etdirən stendə baxdı.

 

          Azərbaycan Prezidentinə yolun texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, Xudat-Yalama-Zuxuloba avtomobil yolu uzun müddət təmir olunmadığına görə, xüsusən də ağır çəkili yük avtomobillərinin intensiv hərəkəti nəticəsində magistralın bir çox yerlərində qabarmalar və çökmələr yaranmışdı. Yolun əsaslı təmirinə bu ilin may ayında başlanılıb və avqustda başa çatdırılıb.

 

          Üçüncü texniki dərəcəli yolun uzunluğu 24,8 kilometr, hərəkət hissəsinin eni 7,5 metrdir. Burada iki hərəkət zolağı var. Hərəkət zolağının eni 3,75 metr, çiyinlərin eni 2,5 metr, torpaq yatağının eni isə 12 metrdir.

 

          Diqqətə çatdırıldı ki, avtomobil yolunun inşası zamanı 108 min kubmetr torpaq işləri görülüb. Yolun əsasının və çiyinlərin tikintisinə ümumilikdə 120,6 min kubmetr çınqıl və qum-qırmadaş, 30 min ton asfalt-beton qarışığı sərf edilib. Yol boyu 920 təhlükəsizlik dirəyi və 154 müxtəlif yol nişanı və göstərici lövhələr quraşdırılıb.

 

          Xudat-Yalama-Zuxuloba avtomobil yolu rayonun 18 yaşayış məntəqəsini birləşdirir.

 

          Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

08.09.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin