Az    |     Ru    |     En
      

            

             Bakı şəhərində avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində daha bir küçədə təmir işləri aparılıb.

 

            Belə ki, Binəqədi rayonu Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən hissəsi təmir olunub. Təmir olunan hissənin uzunluğu 700 metr, eni isə 9 metrdir.

 

             Təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Sözügedən hissədə yeni yeraltı su və qaz xətləri çəkilib, digər mövcud xətlər isə bərpa olunub. Bundan başqa cəmiyyət tərəfindən səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılmasını təmin etmək üçün yeni yağış-kanalizasiya sistemi də yaradılıb. Bütün bu işlər isə öz növbəsində gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.

 

            Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb və yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyü döşənib.  Ümumilikdə küçənin təqribən 6300 m2 ərazisi asfaltlanıb. 

 

            Küçə boyu 1400 paqon-metr köhnə səki daşı yenisi ilə əvəz olunub, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları da yenilənib.

 

           Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cızgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.   

25.08.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin