Az    |     Ru    |     En
      

           Respublikanın avtomobil yollarında hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində “Azəravtoyol” ASC-nin tərəfindən kompleks tədbirlər davam etdirilir.

 

           Bu çərçivədə Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə giriş və çıxışı təmin edən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax  avtomobil yollarının müxtəlif hissələrdə nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər “Azəravtoyol” ASC-nin mütəxəssisləri tərəfindən aşkar edilib və bu maneələr aradan qaldırılıb.

 

           Belə ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində addımlar atılıb, 17.6 min m2 piyada səkisi tikilib. Səkilərin kənarlarına 10.9 min p/m səki daşları quraşdırılıb.

 

           Avtobusların ümumi hərəkətə mane olmadan dayanaraq sərnişinləri mindirib-düşürməsi üçün xüsusi “cib”li dayanacaqlar tikilib. Yağış sularının yolun hərəkət hissəsindən nizamlı axınını təmin etmək məqsədi ilə isə yolboyu lazım olan hissələrdə 490 p/m yağış-kanalizasiya xətti tikilib.

 

            Bundan başqa hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən hissədə ayırıcı zolaqda uzunluğu 9 000 metr olan dəmir-beton təhlükəsizlik sədləri qoyulub və xüsusi siqnal dirəkləri də quraşdırılıb.

 

            Bununla da M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

16.08.2016

Avtomobil yolları ilə bağlı ən son məlumatları rəsmi Facebook səhifəmizdən də izləyin