Nərimanov rayonunda 4 küçə təmir olunur - VİDEO / FOTO

28 İyun 2016- 00:00
11 Nərimanov rayonunda 4 küçə təmir olunur - VİDEO / FOTO

               

                Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə uzun müddətdir ki, təmir olunmadığından asfalt-beton örtüyü dağılmış və qabarmış küşələrdə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Nərimanov rayonunda 4 küçədə təmir-bərpa işləri həyata keçirilir.

 

                Təmir işləri Arif Heydərov, Vladimir Mayakovski, Əlicabbar Orucəliyev və Çernyavski küçələrində aparılır.

 

                Aparılan təmir işləri zamanı küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır, yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilir və asfaltlanır. Bundan başqa zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur və yeniləri tikilir, yeni səki daşları düzülür, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırlaraq, baxış qapaqları yenilənir.

 

                Təmir olunan Arif Heydərov küçəsinin uzunluğu 1146 metr, eni isə 11,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 14 500 m2 , səkilərdə isə 5200 m2 ərazinin asfaltlanması, 3300 paqon-metr yeni səki daşının düzülməsi, 42 ədəd kanalizasiya qapaqlarının dəyişdirilməsi və 53 ədəd kanalizasiya quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması nəzərdə tutulub.

 

                Vladimir Mayakovski küçəsinin uzunluğu 746 metr, eni isə 12,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 9630 m2 , səkilərdə isə 4050 m2 ərazinin asfaltlanması, 3200 paqon-metr yeni səki daşının düzülməsi və 25 ədəd kanalizasiya qapaqlarının dəyişdirilməsi işləri aparılır.

 

                Təmir işlərinin aparıldığı daha bir küçə Əlicabbar Orucəliyev küçəsidir. Bu küçənin uzunluğu 325 metr, eni isə 11,2 metrdir. Burda təmir işləri zamanı ümumilikdə 4700 m2  ərazi asfaltlanır, 760 paqon-metr yeni səki daşı düzülür və 16 ədəd kanalizasiya qapağı dəyişdirilir.

 

                Çernyavski küçəsinin təmir olunan hissəsi Ağa Nemətulla və Hidayətzadə küçələri arasında yerləşir. Uzunluğu 390 metr, eni isə 15,9 metrdir. Burda həm yolun hərəkət hissəsində, həm də səkilərdə 8200 m2 ərazidə asfaltlanma işləri aparılacaq, küçə boyu 350 paqon-metr səki daşı yenilənəcək və 16 ədəd kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenisi ilə dəyişdiriləcək.

 

                Bütün işlər “Azəravtoyol” ASC-ni rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.