"Ağsu dolayları"nda təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb - VİDEO / FOTO

22 İyun 2016- 00:00
11

            Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində tövsiyyə və tapşırıqlarına əsasən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci ( Ağsu dolayları ) və 160-172-ci km-lik hissələrinin ( Ağsu şəhərinin çıxışından Girdmançay körpüsünə qədər olan hissə ) təmiri işləri aparılaraq yekunlaşdırılıb.

 

         Qeyd edək ki, sözügedən hissələrdə intensiv hərəkət nəticəsində yolun asfalt-beton örtüyündə qabarmış və dağılmış hissələr yaranmışdı. Bunu aradan qaldırmaq üçün təmir işləri zamanı asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə yolun 143-158-ci ( Ağsu dolayları ) və 160-172-ci kilometrlik hissələrində 150 min m–dən çox ərazi asfaltlanıb.

          Bu işlərə paralel olaraq yol boyu çiyinlərin bərkidilməsi və küvetlərin təmizlənməsi də həyata keçirilib.

 

            “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılmış təmir-bərpa işlərindən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

 

            Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci kilometrlik hissəsində ( Ağsu dolayları ) istinad divarlarının bərpası və suvanması işləri həyata keçirilib, həmçinin sərt döngələrdə və digər zəruri yerlərdə yol kənarlarına təhlükəsizlik məqsədi ilə xüsusi dəmir-beton maneələr düzülüb.

 

            Sözügedən ərazidə təhlükəsizlik məqsədi ilə atılmış daha bir addım kütləsi 3500 kq-dan, hündürlüyü də 2,5 m-dən çox olan  yük maşınlarının hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir. “Ağsu dolayları” ilə sözügedən məhdudiyyətin tətbiq edilməsi həm yük maşınları sürücülərinin özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır. Çünki Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci kilometrlik hissəsi enişli-yoxuşlu, sərt döngəli bir yoldur.

 

          Bununla bağlı olaraq həm Şamaxı rayonu, həm də Ağsu rayonu  istiqamətindən müvafiq yol nişanlarının və “Ağsu dolayları”na  girişdə hündürlüyü məhdudlaşdıran xüsusi maneələrin quraşdırılması işləri aparılıb.

 

          Yük maşınlarının sürücülərindən alternativ olaraq Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarından, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan istifadə etməkləri tövsiyyə olunur.