Qəbələ rayonu Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu yenidən quruldu - VİDEO / FOTO

22 İyun 2016- 00:00
11 Qəbələ rayonu  Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu yenidən quruldu - VİDEO / FOTO

           

            Uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Qəbələ rayonu Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu qısa müddət ərzində yenidən qurularaq tam yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

 

           Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun yenidən qurulması “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yüksək keyfiyyətlə aparılıb.

           

           IV texniki dərəcəyə uyğun yenidən qurulan və iki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 12,2 kilometr, eni 6 metrdir, torpaq yatağının eni isə ərazilərdən asılı olaraq 8-10 metr arası dəyişir. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilib, zəruri olan yerlərdə yeni çiyinlər qurulub.

           

            Yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ümumilikdə yolun 55 min m– dən çox ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

           

            Aparılan kompleks tədbirlər zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənib, yeni su keçidləri inşa olunub. Ümumilikdə uzunluğu 113 metr olan 12 ədəd müxtəlif diametrdə və ölçüdə suötürücü boru tikilib və təmir olunub.

 

            Bundan başqa yolun 3,8-ci km-də, Tüntül kəndi ərazisində uzunluğu 5 metr, eni isə 7 metr olan 1 ədəd dəmir-beton körpü də inşa olunub.

           

            “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılan işlər çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

 

            Qeyd edək ki, yolun yenidən qurulması bölgədə turizm və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli rahatlaşmaqla Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz şəkildə çıxışı təmin olunub, həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması imkanı yaranıb.