Xaçmaz-Xudat və Xudat-Nabran avtomobil yolları təmir edilir - VİDEO / FOTO

4 İyun 2016- 00:00
11 Xaçmaz-Xudat və Xudat-Nabran avtomobil yolları təmir edilir - VİDEO / FOTO

           

            Vətəndaşların rahat gediş-gəlişini təmin etməklə bölgələrdə turizmin və kənd təsərrüfatının inkişafını sürətləndirmək məqsədi ilə uzunluğu 24 km olan Xaçmaz-Xudat və 21 km uzunluğunda olan Xudat-Nabran avtomobil yollarının təmir-bərpası işləri aparılır.

 

            Hər iki avtomobil yolu iki hərəkət zolaqlı olmaqla hərəkət hissələrinin eni 7 metr təşkil edir.

 

           Xaçmaz-Xudat avtomobil yolunda ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində qabarmış və dağılmış asfalt-beton örtüyü frezlənərək, ərazidən daşınır. Bunun əvəzinə hamarlayıcı və aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 150 min m2 –dan çox ərazinin asfaltlanması nəzərdə tutulur.

 

            Yolun 1,3 km-lik hissəsində torpaq yatağının və yol əsasının yararsız qruntu qazılaraq, çıxarılır. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilir. Bundan başqa çiyinlər bərkidilir, zəruri olan yerlərdə yeni su boruları qoyulacaq, mövcud boruların giriş-çıxışları təmizlənəcək.

 

            Xudat-Nabran avtomobil yolunda da intensiv hərəkət nəticəsində dağılmış və qabarmış hissələr bərpa olunur. Hazırda yol boyu torpaq yatağı və yol əsası kipləşdirilir. Daha sonra həmin hissələrin asfaltlanması işləri həyata keçiriləcək.

 

            Hər iki yolda işlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.