Xəzər rayonu Mərdəkan qəsəbəsinin mərkəzi yolu təmir olunur - VİDEO / FOTO

24 May 2016- 00:00
11  Xəzər rayonu Mərdəkan qəsəbəsinin mərkəzi yolu təmir olunur - VİDEO / FOTO

               

                Vətəndaşların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.

 

                Bu çərçivədə Xəzər rayonunun Mərdəkan şossesinin bir hissəsinin və Mərdəkan qəsəbəsinin Sergey Yesenin küçəsinin də müəyyən hissəsinin təmiri işlərinə start verilib.

 

                Təmir-tikinti işləri Mərdəkan şossesinin Şağan qəsəbəsinə gedən yolla kəsişməsindən Mərdəkan qəsəbəsinin Sergey Yesenin küçəsi ilə kəsişməsinədək olan 600 metrlik hissəsində və Sergey Yesenin küçəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə kəsişməsinədək olan 1400 metrlik hissəsində aparılır.

 

                Aparılan işlər çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yol boyu mövcud piyada səkiləri bərpa olunur, kənarlarına səki daşları düzülür. Ümumilikdə sözügedən əraziyə 4 min p/m yeni səki daşı düzüləcək. Buna paralel olaraq mövcud avtobus dayanacaqlarının genişləndirilməsi işləri də həyata keçirilir. Dayanacaqlar olan ərazilərdə xüsusi “cib”li dayanacaqlar yaradılır.

 

                Müəyyən ərazilərdə avtonəqliyyat vasitələrinin normal hərəkəti üçün yolun hərəkət hissəsi də 0,5-1 metr arası genişləndirilir.  Bundan başqa köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək, ərazidən daşınır. Bundan sonra 10 min m2 –dən çox sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək.

 

                Təmir-tikinti işləri zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da yenilənir.

 

                Təmir işləri aparılan ərazilərdə hərəkət hissə-hissə məhdudlaşdırılır. Sözügedən yolda hərəkətin intensivliyi nəzərə alınaraq işlərin qısa müddət ərzində başa çatdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub.