Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

10 May 2016- 00:00
11 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

          “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

            Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarı önünə, daha sonra isə “Azəravtoyol” ASC-nin  inzibati binasında  büstü önünə tər çiçəklər düzüb, Ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

 

            Bunun ardınca inzibati binanın akt zalında baş tutan tədbirdə “Azəravtoyol” ASC-nin  sədri Saleh Məmmədov müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib.

 

            Qeyd olunub ki,  Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində həyatın bütün sahələrində olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Ulu öndər bu sahənin ölkə iqtisadiyyatındakı rolunu düzgün dəyərləndirərək islahatların aparılmasını daim diqqətdə saxlayırdı.  Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir. 

 

            Azərbaycanın müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, heç şübhəsiz, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasət dayanır. Ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında baş vermiş köklü dəyişikliklər və misilsiz nailiyyətlər də bu strategiyadan, bu siyasətdən qaynaqlanır.

 

            Bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında  bu sahənin inkişafı önəmli yer tutur. Yol təsərrüfatı işçiləri də ölkə rəhbərinin sonsuz diqqət və qayğısına cavab olaraq ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində bundan sonra da fəal iştirak edəcəklər.