Qala-Pirallahı avtomobil yolunun tikintisi davam etdirilir

28 Sentyabr 2015- 00:00
11 Qala-Pirallahı avtomobil yolunun tikintisi davam etdirilir

         21,6 kilometr olan Qala-Pirallahı avtomobil yolunun tikintisi layihəsinin ikinci hissəsi uğurla icra olunur. Hal-hazırda avtomobil yolunun 0-7-ci kilometrlik hissəsində tikinti işləri aparılır. Sözügedən ərazidə yolun tikintisi altına düşən maneələr kənarlaşdırılır, yol boyu torpaq işləri görülür və yol yatağı tikilir.

       Avtomobil yolunun tikintisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” əsasında “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır.

        Hazırda tikintisi gedən I texniki dərəcəli Qala-Pirallahı avtomobil yolunun 0-7-ci kilometrlik hissəsinin 6 hərəkət zolaqlı olması planlaşdırılır. Hər bir hərəkət zolağının eni 3,75 metr olmaqla yolun hərəkət hissəsinin eni bir istiqamət üzrə 11,5 metrdir. Yolun ümumi eni 33 metr, ayrıcı zolağın eni 3 metr, çiyinlərin hər birinin eni isə 3,75 metrdir.

 Hazırda tikintisi aparılan yol geyiminin hamarlayıcı qatının qalınlığı 30 santimetr, qırmadaşlı əsas layın qalınlığı isə 27 santimetrdir. Bundan başqa bitumlu əsas lay 15 santimetr, əlaqələndirici qat 8 santimetr, aşınma qat isə 4 santimetr olmaqla yolun asfalt-beton örtüyünün ümumi qalınlığı 27 santimetr olacaq.

      Xatıqladaq ki, layihə üzrə  Qala-Pirallahı və Qala-Şüvəlan avtomobil yolunun tikintisi işləri Qala-Pirallahı istiqamətində aparılmışdır. Bu yolda tikinti işləri 7-ci kilometrlik hissəsindən başlanmış və 21,6-cı kilometrlik hissədə başa çatdırılmışdır. Layihə üzrə nəzərdə tutulmuş bir ədəd piyada keçidi yolun 10-cu kilometrlik hissəsində tikilib əhalinin istifadəsinə verilmişdir.

     “Azəryolservis” ASC tərəfindən 4 hərəkət zolaqlı avtomobil yolunun birinci hissəsinin (14,667 km) tikintisi 2014-cü ilin noyabr ayında yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılmış və sözügedən hissə əhalinin istifadəsinə verilmişdir. Qala-Pirallahı yolunun istifadəyə verilən hissəsinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir.