Yollarda süni maneələrin sökülməsinə başlanılıb

24 Sentyabr 2015- 00:00
11 Yollarda süni maneələrin sökülməsinə başlanılıb

           Paytaxtın bəzi küçələrində vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə qanunsuz olaraq süni maneələr, yəni tramplinlər quraşdırılır. Bu isə haqlı olaraq sürücülərin narazılığına səbəb olur. Bunu nəzərə alan  “Azəryolservis” ASC həmin süni maneələrin sökülməsi işlərinə başlayıb.

           İlk olaraq yolun hərəkət hissəsində qurulan süni maneələrin, yəni tramplilərin sökülməsi işlərinə Nərimanov rayonundan start verilib. Bunu edən vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilib ki, bu cür suni maneə vasitəsi avtomobillərin sürətinin məcburi şəkildə azaldılması üçün tətbiq edilsə də, bu məsələ qanunvericilikə tənzimlənmir və yollarda nəqliyyat vasitələrinin hərəkətlərinə mane olan süni maneələrin quraşdırılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.

           Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.

           Qeyd edək ki, süni maneələrin, yəni tramplinlərin aşkarlanaraq sökülməsi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərinin bütün rayonları üzrə davam etdiriləcək.