“Azəravtoyol” ASC-yə 4 ədəd xüsusi təyinatlı maşın verilib - FOTO

11 Aprel 2016- 00:00
11 “Azəravtoyol” ASC-yə 4 ədəd xüsusi təyinatlı maşın verilib - FOTO

            "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 4 ədəd Çin istehsalı olan xüsusi təyinatlı maşın verilib.

 

            Maşınlar Azərbaycan və Çin Xalq Respublikası Hökümətləri arasında 2015-ci ildə imzalanmış texniki-iqtisadi əməkdaşlıq  sazişi  çərçivəsində ölkəmizə gətirilən və ”China Civil Engneering Construction Corporation” şirkətinin istehsalı olan 50 ədəd kommunal təyinatlı xüsusi maşınlardan verilib.

 

            Qeyd edək ki, xüsusi təyinatlı maşınlar Azərbaycan-Çin arasında dostluq münasibətlərinin və texniki-iqtisadi əməkdaşlığın gələcək inkişafı məqsədi ilə Azərbaycan Respublikası Hökümətinə 4,5 milyon ABŞ dolları məbləğində ayrılan növbəti qrant yardımı hesabına göndərilib.

 

            Bununla bağlı keçirilən tədbirdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin, həmçinin Nazirlər kabinetinin nümayəndələri iştirak ediblər.

 

            Tədbirdə qeyd olunub ki, 2 ölkə arasında iqtisadi və mədəni əlaqələrin zəngin tarixi var və ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla Çin arasında bütün sahələrdə, o cümlədən siyasi və iqtisadi sferalarda əlaqələr daha da inkişaf edərək, dərinləşib. 2012 və 2014-cü illərdə imzalanmış sazişlər çərçivəsində Çindən ölkəmizə 300-dən artıq xüsusi təyinatlı maşın və texnikalar gətirilib.

 

            Bu dəfə gətirilən 50 ədəd məişət tullantıları daşıyan (orta tutumlu), çirkab suları sovuran (assenizator), su daşıyan, yolları süpürən  maşınlardan 4 ədədi (1 əd.çirkab suları sovuran, 1 əd.su daşıyan və 2 əd.yolları süpürən maşın) “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə verilib. Digər maşınlar isə respublika üzrə müvafiq dövlət qurumlarına paylanılacaq.