Bu yolda hərəkət məhdudlaşdırılacaq

12 Oktyabr 2021- 16:16
11 Bu yolda hərəkət  məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-31-ci km-lik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 13-16 oktyabr tarixlərində sözügedən hissədə hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

 

Təmir işlərinin aparıldığı müddət ərzində Bakı şəhərindən Sumqayıt və Quba istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri kənar dairəvi yolu ilə Quba istiqamətinə, eyni zamanda həmin yolun 43-cü km-dən H.Z.Tağıyev qəsəbəsi istiqamətinə və qəsəbə daxili ilə, həmçinin Binəqədi, Novxanı, Pirşağı və Saray qəsəbələri istiqamətindən Sumqayıt şəhərinə hərəkət edə bilərlər.

 

Sumqayıt şəhərindən Bakı şəhərinə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri dəniz kənarı Sahil küçəsi və K.Axundov küçəsi ilə Saray qəsəbəsi istiqamətinə, həmçinin Sumqayıt şəhəri Sülh prospekti ilə Bakı-Quba yolunun 30-cu km-dək “Azpetrol” yanacaq doldurma məntəqəsi dairəsindən Bakı şəhəri istiqamətinə hərəkət edə bilərlər.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.