Bakı şəhərində həmişəyaşıl ağac və kol bitkiləri əkildi - FOTO

2 Mart 2016- 00:00
11 Bakı şəhərində həmişəyaşıl ağac və kol bitkiləri əkildi - FOTO

         Ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin diqqətdə saxladığı ən mühüm məsələlərdəndir.

 

         Bu məqsədlə, cəmiyyət tərəfindən yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə və digər kampaniyalar uğurla davam etdirilir.

 

         Növbəti bu cür addımlar Bakı-Şamaxı-Yevlax, Zığ dairəsi-Hava limanı, Bakı Dairəvi-1 avtomobil yollarında, həmçinin Xətai rayonu Yusif Səfərov küçəsində atılıb.

 

          Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşviqabad qəsəbəsindən keçən hissəsində yol kənarlarında 150 ədəd müxtəlif növ ağac, Bakı Dairəvi-1 avtomobil yolunda 100 ədəd Eldar şamı, Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində və Yusif Səfərov küçəsinin yol ayrıcında yerləşən yaşıllıq zolaqlarında 200-dən artıq həmişəyaşıl Liqustrum bitkisi, Zığ dairəsi-Hava limanı avtomobil yolunun kənarlarında isə 2 min ədəd həmişəyaşıl Liqustrum ağacı əkilib.  Əvvəlcə sözügedən ərazilər bitkilərin əkilməsi üçün hazır vəziyyətə gətirilib. Daha sonra quyular qazılıb və kol bitkisi əkilib. Əkilən bitkilərə üzvi gübrə verilərək, suvarılıb.

 

         Qeyd edək ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair və meşələrin bərpa edilməsi, artırılmasına dair Milli Proqramların, eyni zamanda, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planının icrasının təmin edilməsi istiqamətində vacib addımlar atılır. Avtomobil yollarının mühafizə zolaqında yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafını təmin etmək məqsədi ilə aparılan işlər sürətlə davam etdirilir.

 

         Avtomobil yollarının istismarında mühafizə və ayırıcı zolaqlarının yaşıllaşdırılması ilə onların külək və su eroziyasından, qar yığıntısından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması və avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılması təmin edilir, mənfi təbii, antropogen və texnogen hallardan mühafizə olunur.