Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və Zəfər yolunun tikintisi ilə tanışlıq 

14 İyun 2021- 15:04
11 Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və Zəfər yolunun tikintisi ilə tanışlıq 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub.


Dövlətimizin başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verildi.

 

Bildirildi ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.

 

Prezident İlham Əliyev həmçinin Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə də tanış olub.

 

Dövlətimizin başçısına körpünün texniki göstəriciləri barədə məlumat verildi.

 

Bildirildi ki, Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaq. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək bu körpü də hazır olacaq.