Xəzər rayonunda geniş miqyaslı təmir-tikinti işləri aparılır

1 Mart 2019- 15:54
11 Xəzər rayonunda geniş miqyaslı təmir-tikinti işləri aparılır

Prezident İlham Əliyevin Bakı şəhərinin və onun qəsəbələrinin yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində tapşırıq və sərəncamlarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı işlər həyata keçirilir.

 

Agentlik Bakı şəhərinin 12 rayonu üzrə qəsəbə və yaşayış məntəqələrində əsasən vətəndaşların ümumi istifadəsində olan və payız-qış mövsümündə çətinlik yaşanan torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarında təmir-tikinti işləri görür.

 

Bu çərçivədə təmir-tikinti işləri Xəzər rayonunun Binə, Mərdəkan, Buzovna və Şüvəlan qəsəbələrində, həmçinin Qoşa qışlaq, Binə Südçülük sovxozu, “Binə aqrokompleksi”, Badam bağları, Hövsan Südçülük sovxozu yaşayış masivlərində 40 km-dən artıq bu cür yolu əhatə edir. Yollar boyu yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu aparılaraq yeni yol yatağı salınır, daha sonra yeni yol əsası inşa edilir və asfaltlanma işləri görülür.

 

Xəzər rayonunun Binə qəsəbəsində hazırda ümumi sahəsi 160 min kv.m-dən çox olan küçə və yollarda bu cür işlər aparılır və ya aparılmasına yaxın günlərdə start veriləcək. Belə ki, ümumi uzunluğu 10.5 km olan və Mərdəkan şosesindən ayrılan Badam bağları yaşayış massivinə gedən yol, həmçinin qəsəbədaxili 1 küçə, bundan başqa uzunluqları 2 km-ə yaxın olan Nəsimi və Sabir küçələri yenidən qurulur. Yaxın günlərdə isə anoloji işlərin uzunluqları 9 km-dən artıq olan Binə Südçülük sovxozu və “Binə aqrokompleksi” yaşayış massivləri yollarında, həmçinin Hövsan südçülük yaşayış massivinin 2.5 km uzunluğu olan 161 nömrəli küçədə aparılması nəzərdə tutulub. Küçə və yollar 2 hərəkət zolaqlı olmaqla enləri 6-7 metr təşkil edir.

 

Rayonun Mərdəkan qəsəbəsində təmir-tikinti işləri hazırda 3 küçədə - 1360 metrlik Dəmiryolçular, 2435 metrlik Qılman İlkin və 1700 metr uzunluğunda olan Baba Əliyev küçələrində aparılır. Burda yol yatağı profilə salınır, yol əsası tikilir və yeni asfalt-beton örtüyü döşənir. Daha 5 küçədə - 28 may küçəsinin 300 metrlik 2-ci döngəsində, 600 metrlik Ziya Bünyadov, 320 metrlik Yesenin, 270 metrlik Qurban İsmayılov və 750 metr uzunluğa malik Pioner küçələrində təmir işləri isə artıq bitib. Küçələrin eni 5-10 metr arası dəyişir, işlərin aparıldığı sahə50 min kv.m-dən çoxdur.

 

Kompleks tədbirlər çərçivəsində Şüvəlan qəsəbəsinin 1540 metr uzunluğu və 9.5 metr eni olan Almaz İldırım və uzunluğu 700 metr, eni isə 5.5 metr olan Bağ küçələrində də təmir-tikinti işləri bitib, Qoşa qışlaq yaşayış massivinin 1.5 km uzunluğunda olan yollarında isə davam edir.

 

Buzovna qəsəbəsində aparılan təmir-tikinti işləri isə 3 küçəni əhatə edir. Bu uzunluqları 1.6 km olan Natavan, 1 km olan Allahverdi Əfəndiyev və 1.6 km olan Ayna Sultanova küçələridir. Küçələrin enləri 5-6 metr arası dəyişir. Burda yollar profilə salınır, yol əsası işlənilir və asfaltlanma işləri görülür.

 

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Qeyd edək ki, təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq həmin qəsəbələr üzrə digər küçə və daxili yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.