AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər – FOTO

22 Fevral 2019- 14:10
11 AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər – FOTO

22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kolektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

       

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.        

 

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.        

 

Peşə bayramı tədbiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin inzibati binasının akt zalında davam etdirilib.        

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasətin dayandığını bildirib və ulu öndərin “Yol iqtisadi inkişafın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz” sözlərinin onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiq etdiyini əlavə edib.

        

Tədbir zamanı qeyd olunub ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir.

 

Bunun bariz nümunəsidir ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına səbəb olmaq məqsədi ilə son iki il ərzində ümumi uzunluğu 3 min km-dən çox olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Təkcə 2018-ci ildə 90 yol infrastrukturu layihəsi üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Bu layihələrin həyata keçirilməsi 2,2 mln əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edib. 2019-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək və kəndlərarası, qəsəbələrarası avtomobil yollarının tikintisi olmaqla ümumilikdə 50-dən artıq yol infratsrukturu layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulub.​

         

Sonda Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə agentlikdə uzunmüddətli, səmərəli əmək fəaliyyəti nəzərə alınaraq bəzi əməkdaşlara fəxri diplom və mükafatlar təqdim olunub, onlara iş fəaliyyətində uğurlar arzu edilib.