“Azəryolservis” ASC tərəfindən ağacəkmə aksiyası keçirilib

5 Dekabr 2015- 00:00
11 “Azəryolservis” ASC tərəfindən ağacəkmə aksiyası keçirilib

         Ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi “Azəryolservis” ASC-nin diqqətdə saxladığı ən mühüm məsələlərdəndir.

 

         Bu məqsədlə, cəmiyyət tərəfindən yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə və digər kampaniyalar uğurla davam etdirilir.

 

         Bu çərçivədə “Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma MMC-lərinin kollektivi tərəfindən 05 dekabr 2015-ci il tarixində Bakı  şəhəri  Zığ dairəsi – H. Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun mühafizə zolağında ağacəkmə aksiyası keçirilib. Aksiyada “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər.

 

         Ağacəkmə aksiyasına 1, 2, 6 saylı Yol Yaşıllaşdırma və Avtomobil Yollarının Ekologiyası MMC-lərinin 100 nəfərdən artıq işçisi və 10 ədəd maşın-mexanizm cəlb edilib. Keçirilən tədbirlər zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb.

 

         Aksiya zamanı 5 000 ədəd eldar şamı, sərv, zeytun və digər növ ağac əkilib. Bundan bir-neçə gün öncə isə sözügedən əraziyə 4 000 ədəd ağacın əkilməsi işləri həyata keçirilib ( ümumilikdə 9 000 ədəd ağac ). Əkilən ağaclar Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin 4 saylı Gəncə, 8 saylı Tovuz, 9 saylı Ağstafa, 10 saylı Göygöl və 11 saylı Bərdə Yol Yaşıllaşdırma MMC-lərinin tinglik sahəsində yetişdirilıb.

 

         Qeyd edək ki, 2013-2014-cü illərdə avtomobil yollarının təhkim zolağında 180 294 ədəd, 2015-ci ilin yanvar-noyabr aylarında isə 74 630 ədəd ( ilin sonuna kimi 100 min ədədə çatdırılması nəzərdə tutulub ), ümumilikdə 424,8 hektar ərazidə 254 894 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

 

         Təkcə bu ilin son ayları ərzində Bakı şəhərinin avtomobil yollarının mühafizə və ayrıcı zolaqlarına 11 000 ədəd kol bitkisi, 6 000 ədəd gül kolu və 12 000 kvadrat metr qazon otu əkilib. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 092 300 ədəd, o cümlədən 895 625 ədəd çoxillik ağac mövcuddur.

 

         Cəmiyyətin Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən 8,9 hektar ərazidə yaradılmış 7 tinglik sahəsində yetişdirilən 42 000 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hal-hazırda bu tinglik sahələrində 210 670 ədəd ağac və kol bitkisi yetişdirilir.

 

         Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair və meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqramların, eyni zamanda, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planının icrasının təmin edilməsi istiqamətində vacib addımlar atılır. Tədbirlər Planının həyata keçirilməsi ilə əlaqədar avtomobil yollarının mühafizə zolaqında yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafını təmin etmək məqsədilə aparılan işlər sürətlə davam etdirilir. Avtomobil yollarının istismarında mühafizə və ayırıcı zolaqlarının yaşıllaşdırılması ilə onların külək və su eroziyasından, qar yığıntısından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması və avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılması təmin edilir, mənfi təbii, antropogen və texnogen hallardan mühafizə olunur.

 

XƏBƏRƏ AİD FOTOLAR

 

XƏBƏRƏ AİD VİDEO