YOLUMUZU NURLANDIRAN DÜHA

12 Dekabr 2018- 17:07
11 YOLUMUZU NURLANDIRAN DÜHA

“Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik.

Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev

siyasəti dayanır. Biz bu siyasətə sadiqik, biz

tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik”.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Xalqın tarixən keçdiyi mürəkkəb və keşməkeşli yolda öndə addımlayan, onu vahid amal uğrunda birləşdirməyi bacaran bir lider, milli rəhbər kimi ulu öndər Heydər Əliyev özünün parlaq dühası ilə gələcəyi görür, tükənməz gücü və cəsarəti ilə gələcəyi qururdu. Belə fenomenal xüsusiyyət ona təkcə Ulu Tanrının bəxşişi deyildi, həm də özünün zəhmətkeşliyindən, coşqun yaradıcılıq həvəsindən, tükənməz təşkilatçılığından irəli gəlirdi. Azərbaycanın bugünkü nailiyyətləri, onun müstəqil dövlət kimi dünya birliyində öz layiqli yerini tutması, xalqımızın yüksək rifaha qovuşması, cəmiyyətmizin milli birlik ideyası ətrafında sıx birləşməsi ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin, dövlətçilik strategiyasının ən mühüm nəticələridir. Onun qətiyyət, cəsarət və fədakarlıqla yaratdığı təməl üzərində müasir Azərbaycan davamlı tərəqqiyə nail olmuş, onun layiqli varisi möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə yüksəlmişdir.

 

Bu il 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüzə məruz qalaraq qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı, xalqımız öz milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlməsindən sonra isə onun həyata keçirdiyi məqsədyönlü milli inkişaf strategiyası xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytardı, milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsi üçün zəmin yaratdı.

 

Məhz həmin dövrdə azadlıq və müstəqillik ideallarının yüksəlişi xalqımızın keçmiş sovet dövlətinə qarşı mübarizəsində həlledici rol oynadı. Lakin bu dövlətin süqutu ərəfəsində və ondan sonrakı ilk illərdə dünya şöhrətli Heydər Əliyevin imperiya rəhbəri M.S.Qorbaçov tərəfindən siyasi meydandan təcrid edilməsi Azərbaycanın bu həssas dövrünün çox çətinliklə keçməsini şərtləndirdi. Həmin dövrdə güclü və qüdrətli liderin olmaması, dövlət idarəçiliyinin naşı və iradəsiz adamların əlinə keçməsi xalqımızı hələ də ağrısını çəkdiyimiz bəlalarla üzləşdirdi. Müstəqil dövlət quruculuğu üçün tarixi fürsət yarandığı bir vaxtda respublikanın o vaxtkı başçılarından heç biri liderlik xüsusiyyəti göstərə bilmir, ya imperiyapərəst qüvvələrinin təsiri altında müstəqillikdən imtina etmək haqqında düşünür, ya da ağılsız qərarları ilə cəmiyyəti xaosa, ölkəni fəlakətə sürükləyirdilər. Özünü müxalifət elan edən, lakin milli inkişaf strategiyası olmayan, siyasi bəsirətsizliyi və naşılığı ilə Aərbaycanı dərin böhrana salan AXC-Müsavat qaragüruhu da nəinki müstəqilliyi qoruyub saxlamaq iqtidarında deyildi, hətta siyasət dahisi, xalqın sevimlisi Heydər Əliyevin hakimiyyətə qayıdışının qarşısını almaq üçün ən yaramaz vasitələrə əl atırdı. Ölkənin vəziyyəti getdikcə pisləşir, Ermənistanın təcavüzü genişlənir, torpaqlarımız itirilirdi. Xalqın ümidlərini doğrulda bilməyən xəyanətkarlar dəstəsi xalqımıza, dövlətçiliyimizə böyük zərbələr vurdu. Xaos, anarxiya, talançılıq, özbaşınalıq, siyasi, iqtisadi, hərbi böhran son nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Xalqımız o anti-milli hakimiyyətə cəmi bir il dözə bildi. Öz həqiqi liderinin ətrafında sıx birləşən, onun yaratdığı siyasi təşkilata - Yeni Azərbaycan Partiyasına ürəklə qoşulan vətənpərvər insanlarımız qurtuluş hərəkatının qələbəsinə inanırdı. 1993-cü ildə xalqın tələbi ilə Bakıya gələn Heydər Əliyevin o ağır, çətin vəziyyətdə dövlətçiliyi xilas etmək missiyasını öz üzərinə götürməsi milli dövlətçiliyin bərpasından sonra xalqımızın bu qüvvələr üzərində çox böyük qələbəsi, möhtəşəm zəfəri oldu.

 

Sovet dövründəki on səkkiz illik rəhbərliyi dövründə Heydər Əliyev Azərbaycanın ovaxtkı müttəfiq respublikalar arasında ən qabaqcıl mövqeyə çıxmasına, öz iqtisadiyyatını sürətlə inkişaf etdirməsinə nail ola bilmişdir. Dərin və uzunmüddətli böhrana məhz ulu öndərin yeni konseptual yanaşması əsasında son qoyulmuş, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmış, təsərrüfatçılığın və iqtisadi həvəsləndirmənin təzə metodları tətbiq edilmişdi. Təbii ki, bütün bunlara Heydər Əliyev təhlükəsizlik orqanlarında qazandığı mükəmməl təcrübə, cəmiyyət həyatını, xalqın əhval-ruhiyyəsini, siyasi-ideoloji idarəçilik prinsiplərini dərindən bilməsi sayəsində nail olmuşdur.

 

Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndərin həyata keçirdiyi vüsətli quruculuq işləri, sosial-mədəni islahatlar xalqımızın milli mənlik şüurunu oyatdı, totalitar rejimin təzyiqlərinə baxmayaraq, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsinə münbit zəmin yaratdı. Həmin dövrdə Heydər Əliyevin quruculuq fəaliyyəti keçmiş SSRİ miqyasında yüksək qiymətləndirilir, rəğbət doğururdu və bu, hər bir azərbaycanlını qürurlandırırdı. Məhz elə həmin vaxtdan da Heydər Əliyev öz xalqının lideri, millət fəadisi və öndəri olduğunu əməli fəaliyyəti ilə göstərdi və Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm bünövrə qoydu.

 

Möhtərəm Prezident İlham Əliyev həmin dövr haqqında demişdir: “Məhz o illərdə Azərbaycanda sənaye inkişafı böyük templərlə təmin olunurdu. Yüngül sənayedə, ağır sənayedə, neft sənayesində böyük işlər görülmüşdür. O vaxt yaradılmış infrastruktur bu gün müstəqil Azərbaycanın inkişafına xidmət göstərir. Kənd təsərrüfatına böyük diqqət göstərilirdi. Azərbaycan böyük tikinti meydançasına çevrilmişdi. Yəni, 1982-ci ilin sosial-iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, doğrudan da, Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində böyük işlər görülmüşdür...”.

 

Heydər Əliyev ittifaq dövlətinin rəhbərliyində işlədiyi beş il ərzində dünya siyasətinin ən nüfuzlu nümayəndələri sırasında özünə möhkəm yer tutdu, vətənimizin və xalqımızın şərəfini yüksəklərə qaldırdı. Böyük siyasətdə olmadığı və haqsız təqiblərə məruz qaldığı dövrdə belə Heydər Əliyevə olan ümumxalq sevgisinin qarşısını heç kim ala bilmədi.

 

...Ulu öndər siyasi hakimiyyətə qayıtdıdıqdan sonra Azərbaycanda quruculuq, inkişaf dövrü başlandı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərk-silah edildi və Azərbaycan islahatlar yoluna qədəm qoydu. Onun müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyası gerçəkləşdirildi, müasir Azərbaycan dövlətinin qurulması prosesi başlandı və xalqımız həqiqi müstəqillik arzusuna çatdı. Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi.

 

Azərbaycana rəhbərliyinin hər iki dövründə ulu öndər Heydər Əliyev respublikamızın avtomobil yolları şəbəkəsinin inkişafı və genişlənməsi məsələlərinə də böyük önəm vermişdir.

 

Ötən əsrin 60-cı illərində bu sahədə çox ciddi çatışmazlıqlar mövcud idi, avtomobil yollarının 40 faizə qədəri müharibədən əvvəl salınmışdı və dövrün standartlarına cavab vermirdi. Heydər Əliyev respublikada avtomobil yollarının yaxşılaşdırılması, yol şəbəkəsinin inkişafının baş sxeminin hazırlanması və yol çəkilişinin düzgün planlaşdırılması, yolların texniki səviyyəsinin yüksəldilməsi, bərk örtüklü yolların və daha yüksək texniki kateqoriyalardan olan digər yolların xüsusi çəkisinin artırılması məqsədilə konkret tədbirlər həyata keçirdi. Bunun nəticəsi olaraq, 1970-ci illərdə avtomobil yollarında yük dövriyyəsi və sərnişin daşıması xeyli artdı, daşımaların maya dəyəri aşağı salındı. Bu ilk başladığı dövrdə respublikada asfalt yolların ümumi uzunluğu 12,7 min kilometr idisə, 14 il ərzində yeni yolların salınması sahəsində aparılan işlərin nəticəsində həmin rəqəm 20,4 min kilometrə çatdırıldı.

 

Yeni avtomobil yollarının salınması, yol tikinti təşkilatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, yol inşaatı təşkilatlarının yüksəkixtisaslı kadrlarla təmin edilməsi məsələsi də müvəffəqiyyətlə həll edildi. Bu məqsədlə respublikanın ali texniki məktəblərində avtomobil yolları, körpüləri, tunelləri çəkilməsi, istismarı və yol tikintisi maşınlarının istismarı ixtisasları üzrə kadr hazırlığına başlandı. Eyni zamanda yol işlərinin planlaşdırılmasına elmi yanaşmanın səviyyəsinin yüksəldilməsi üçün geniş elmi-tədqiqat işləri aparılmasına, yol tikintisində müasir texniki metodların tətbiqinə diqqət artırıldı.

 

Ulu öndər müstəqil dövlətimizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə də Azərbaycanda dövlət quruculuğunun bütün sahələrində, o cümlədən milli iqtisadiyyatın böhran vəziyyətindən çıxarılması, yeni iqtisadi münasibətlərin bərqərar edilməsi, dövlətin iqtisadi gücünün artırılması, həmçinin vətəndaşların iqtisadi fəallığının stimullaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə genişmiqyaslı islahatlar həyata keçirmişdir. Bu islahatlar yol infrastrukturunda da uğurlar qazanılmasına, o cümlədən ölkənin avtomobil yolları təsərrüfatının köklü şəkildə yenilənməsinə, yol şəbəkəsinin müasirləşdirilməsinə güclü təkan vermişdir. Ulu öndərin təşəbbüsü və rəhbərliyi Tarixi İpək yolunun bərpası istiqamətində həyata keçirilən tədbirlər, həmçinin coğrafi mövqeyinə görə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsi, digər yol infrastrukturları kimi, magistral avtomobil yollarının genişləndirilməsi üçün zəmin yaratmışdır.

 

Ölkəmizdə avtomobil yolları ilə bağlı mühüm qanunvericilik sənədləri - “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi də ulu öndərin adı ilə bağlıdır. Müvafiq olaraq 1998-ci və 1999-cu illərdə qəbul edilmiş bu qanunlar ötən illər ərzində dövrün tələbinə uyğun bir sıra əlavə və dəyişikliklərlə zənginləşdirilmiş, daha da təkmilləşdirilmişdir.

 

Ümummilli liderimizin yaratdığı möhkəm təməl üzərində qurulmuş zəngin və qüdrətli, sabit və davamlı inkişafda olan Azərbaycan dövlətinin taleyi bu gün etibarlı əllərdədir. Möhtərəm Prezident cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı praqmatik daxili və xarici siyasət, dəqiq işlənmiş, mükəmməl proqramlar əsasında həyata keçirilən islahatlar və genişmiqyaslı quruculuq işləri sayəsində ölkəmiz regionun lideri səviyyəsinə yüksəlmişdir. Bütün sahələrdə qazanılan uğurlar və nailiyyətlər demokratik inkişafa, iqtisadi tərəqqiyə, xalqın rifahına, dövlətimizin beynəlxalq nüfuzunun artmasına xidmət edir.

 

Xalqımız 2003-cü ildə ilk dəfə İlham Əliyevə böyük etimad göstərərkən cənab Prezident söz vermişdi ki, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcəkdir. 15 ildən çoxdur ki, ölkəmiz ulu öndərin müəyyənləşdirdiyi yolla uğurla, inamla addımlayır. Azərbaycanda sabitlik tam təmin olunur və sabitliyin təminatçısı xalq-iqtidar birliyidir. Dövlətmizin başçısının sözləri ilə desək, biz indi görürük ki, dünyanın müxtəlif yerlərində vəziyyət gərginləşir, yeni münaqişələr, qanlı toqquşmalar, vətəndaş müharibələri, çevrilişlər baş verir. Lakin möhkəm sabitliyin hökm sürdüyü Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələrdən biridir. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir.

 

Ulu öndərin ideyalarının və arzularının gerçəkləşməsi və onun siyasi vəsiyyətinə əməl edilməsi onun ən layiqli davamçısı, şəxsən cənab Prezident İlham Əliyevin xalqımız qarşısında çox mühüm xidmətidir. Ulu öndərin yol infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində başladığı işlər də son 15 il ərzində çox böyük vüsət və əzmkarlıqla davam etdirilmişdir. “Yol olmayan yerdə inkişaf da yoxdur”, - deyən cənab Prezident İlham Əliyevin yol kompleksində aparılan quruculuq işlərini ölkəmizin və onun regionlarıının inkişafının birinci şərti kimi dəyərləndirir. Dövlətimizin başçısının təşəbbüsü və birbaşa rəhbərliyi ilə Azərbaycanı üç qonşu ölkə ilə birləşdirən magistral yolların tikintisi və bərpası sürətlə davam etdirilir, daxili yolların yenidən qurulması sahəsində də fəal iş aparılır. Respublikamızın şəhərlərini birləşdirəcək yeni yolların layihələri hazırlanır, paytaxtımızın yol inrastrukturu yeniləşdirilir və təkmilləşdirilir. Özü də möhtərəm Prezidentimizin tələbi ilə görülən bütün işlərin beynəlxalq standartlara cavab verməsi təmin olunur.

 

Ölkəmizin magistral yolları əsasən bərpa olunmuş, yeni yollar salınmışdır. Bu sahədə işlər dövlətimizin başçısının diqqət və qayğısı sayəsində davam etdirilir. Həmçinin, şəhərlərarası yolların çəkilişi aparılmaqla yanaşı, bir neçə ildir ki, kənd yollarının da keyfiyyətli şəkildə yenilənməsi istiqamətində böyük işlər görülür. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident İlham Əliyev demişdir: “Digər infrastruktur layihələri ilə bağlı işlər qrafik üzrə gedir. Bu il 1200 kilometr yol çəkilib. Hədəf 2000 kilometr idi. Biz bu hədəfə çatacağıq. Bu il 600 kəndin yolları abadlaşdırılır”.

 

Prezident İlham Əliyev ölkədə yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır, ən mühüm layihələrin təməlqoyma və açılış mərasimlərində iştirak edir.

 

Təkcə ilin bütün 9 ayı ərzində dövlətimizin başçısının imzaladığı sərəncamlara uyğun olaraq, respublikanın 23 rayonunda 54 layihə, o cümlədən 12 respublika əhəmiyyətli, 37 kəndlərarası, 2 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayıt şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatdırılmışdır. Respublikamızın ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 9 körpü də təmir edilmiş, bundan əlavə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə də başlanmışdır.

 

Ulu öndər Heydər Əliyev millətin taleyi üçün misilsiz əhəmiyyət kəsb edən bütün fəaliyyət sahələrini həmişə diqqətdə saxlamışdır. Onun ölkəyə rəhbərliyinin hər iki dövründə Azərbaycanın taleyi ilə bağlı olan bütün sahələr dövlət səviyyəsində qayğı və diqqət görmüşdür. Xalqımızın və dövlətimizin gələcək yollarını işıqlandıran Heydər Əliyev ideyaları bundan sonra da Azərbaycanın daim güclənməsini təmin edəcəkdir. Avtomobil yol işçilərinin də məqsədi və qayəsi ulu öndərin parlaq dühasının işığında əzmkarlıqla çalışmaq, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə ölkəmizin qüdrətinin artırılmasına layiqli töhfələr verməkdir.

 

Saleh MƏMMƏDOV,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin

İdarə Heyətinin sədri