Son 3 ildə 10 km-ə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib - VİDEO / FOTO

2 Oktyabr 2018- 16:40
11 Son 3 ildə 10 km-ə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib - VİDEO / FOTO

Dövlət başçısının tapşırığına əsasən Bakı şəhərinin küçə və prospektlərində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

 

Bu tədbirlər çərçivəsində zəruri olan yerlərdə yağış-kanalizasiya xətləri çəkilərək yeni barmaqlıqlar quraşdırılır, mövcud yağış-kanalizasiya xətləri yuyulur və bərpa olunur, köhnə yağış barmaqlıqları yenisi ilə əvəzlənir.

 

Kompleks tədbirlər çərçivəsində intensiv yağışlar zamanı Bakı şəhərinin bəzi küçə və prospektlərdə səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə əlavə xətlərin çəkilişi işləri də görülür. Bu məqsədlə Heydər Əliyev prospektinin Böyük Şor yol qovşağından Sabunçu yol qovşağı istiqamətində yağış sularının kənarlaşdırılması üçün əlavə 60 metr uzunluğunda xətt çəkilib və ərazidə yeni yağış barmaqlıqları quraşdırılıb.

 

Anoloji işlər Babək prosektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsində də aparılır. Burda uzunluğu 325 metr olan əlavə xəttin çəkilişi işləri görülür. Məqsəd sözügedən ərazidə intensiv yağıntılar zamanı yolun hərəkət hissəsində yığılıb qalan yağış sularının vaxtında kənarlaşdırılmasıdır. Ərazidə əlavə 9 ədəd yağış barmaqlığının quraşdırılması da nəzərdə tutulub.

 

Bundan başqa  səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə mövcud kiçik həcmli yağış barmaqlıqları böyük ölçülü barmaqlıqlarla əvəz olunur. Bu işlər çərçivəsində ilkin olaraq 100-ə yaxın yağış barmaqlığı dəyişdirilir. Həmçinin yol kənarlarında yerləşən yağış barmaqlıqları və yağış-kanalizasiya quyularının içərisi də təmizlənərək ötürücülüyü bərpa olunur.

 

Ümumilikdə son 3 il ərzində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün aparılan kompleks tədbirlər zamanı Bakı şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 10 km-ə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib, əlavə yağış barmaqlıqları quraşdırılıb, yağış və kanalizasiya kollektorlarının olmadığı ərazilərdə də yağış-kanalizasiya sistemi qurulması işləri aparılıb. Bu zaman xətlər səth sularının axıdılması üçün xüsusi qazılmış quyulara birləşdirilib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan işlər davam etdirilir.