“Bibiheybət yolu” bu gündən ikitərəfli oldu

27 Noyabr 2015- 00:00
11 “Bibiheybət yolu” bu gündən ikitərəfli oldu

         Səbail rayonu “20-ci sahə” deyilən ərazidə sıxlığın aradan qaldırılması və “Lökbatan” dairəsi istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin daha rahat hərəkətinin təmin edilməsi məqsədi ilə “Bibiheybət yolu”nda (“Bibiheybət” məscidindən Bakı Su İdmanı Sarayına qədər olan hissədə) nəqliyyat vasitələrinin iki istiqamətli hərəkətinin təşkili üçün “Azəryolservis” ASC tərəfindən aparılan işlər artıq yekunlaşıb.

 

        Bu gündən etibarən yol iki gediş, iki gəliş hərəkət istiqamətli olmaqla sürücülərin ixtiyarına verilib.        

 

         Yolun iki hərəkət istiqamətli olması üçün görülən işlər çərçivəsində “Bibiheybət” məscidinin yaxınlığında, yol kəsişməsində yerləşən hasarın 15 metrlik hissəsi sökülüb. Nəticədə Su İdman Sarayından “Bibiheybət” məscidinə doğru nəqliyyat vasitələrinin rahat və maneəsiz çıxışı təmin olunub.

 

         Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində sözügedən ərazidə görülən işlərdən sonra şəhərə doğru hərəkət edən sərnişin avtobuslarının “20-ci sahə”dən “Bibiheybət” məscidinə doğru olan yola daxil olması qadağan edilib. Sərnişin avtobusları ancaq Su İdman Sarayına doğru olan yolla hərəkətlərinə davam edə bilərlər.

 

         “Azəryolservis” ASC tərəfindən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanlarının quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb

 

XƏBƏRƏ AİD FOTOLAR