112 adda yol texnikası və maşın-mexanızmlərin verilməsinə dair akt imzalanıb - FOTO

5 Sentyabr 2018- 14:08
11 112 adda yol texnikası və maşın-mexanızmlərin verilməsinə dair akt imzalanıb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Bu gün ölkəmiz müasir yol qovşaqları, yeni yol infrastrukturu ilə nəinki regionun, ümumilikdə, dünyanın aparıcı ölkələri sırasındadır.

 

Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və bu istiqamətdə layihələrin icrası davam etməkdədir. Təbii ki, avtomobil yollarının müasir səviyyədə inşası və yenidən qurulması üçün müasir texnika, maşın-mexanizmlərdən istifadə olunması şərtdir. Məhz bu üzdən Dövlət Agentliyi maşın-mexanizm parkından səmərəli istifadə edilir və daima parkın yenilənməsini diqqətdə saxlayır.

 

Ölkə başçımızın uğurlu daxili və xarici siyasəti dünya dövlətlərinin mütləq əksəriyyətinin Azərbaycanı dost, qardaş, strateji müttəfiq kimi görməsi və qəbul etməsinə gətirib çıxarıb. Bunun nəticəsidir ki, Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq  sazişi  çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istismarına 112 adda yol texnikasi və maşın-mexanızmlər verilib.

 

Bununla əlaqədar olaraq bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sözügedən texnikaların təhvil verilməsinə dair mərasim keçirilib. Mərasimdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbər şəxsləri, Çin Xalq Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Vey Cinhua və səfirliyin əməkdaşları, həmçinin Azərbaycan respublikası Nazirlər Kabinetinin məsul şəxsləri içtirak ediblər.

 

Mərasimdə çıxışı zamanı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iki ölkə arasında olan yaxın münasibətlərdən danışıb və son illər ərzində texniki yardımlar çərçivəsində Çindən yol təsərrüfatında istifadə edilən 239 adda maşın-mexanizm və texnika alındığını bildirib. Saleh Məmmədov yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin ğörülməsi üçün nəzərdə tutulan bu texnikaların Azərbaycana verilməsini heç şübhəsiz hər iki dövlət arasında olan dostluq, strateji əməkdaşlığın əyani sübutu olduğunu deyib və bu kimi texniki yardımların iki ölkə arasında olan münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxardığını əlavə edib.

 

Çinin ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Vey Cinhua da iki ölkə arasında olan dostluq münasibətlərdən söz açıb və bu il ərzində Çindən Azərbaycana 100-dən artıq artıq yol istismarı, təmiri və tikinti texnikalarının çatdırıldığını qeyd edərək, bu cür texniki yardımların növbəti illərdə də qardaş və dost ölkə olan Azərbaycana davam etdiriləcəyini deyib.

 

Daha sonra təhvil-təslim aktı imzalanıb. Aktı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov və Çin Xalq Respublikasının  ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Vey Cinhua  imzalayıblar.

 

Sonda xatirə şəkli çəkdirilib.