Sabirabadda 39 km-lik avtomobil yolunun tikintisi yekunlaşır - VİDEO / FOTO

13 İyul 2018- 14:42
11 Sabirabadda 39 km-lik avtomobil yolunun tikintisi yekunlaşır - VİDEO / FOTO

Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sistemli fəaliyyət həyata keçirilir. Bütün rayonları əhatə edən yenidənqurma işləri yüksək keyfiyyətlə və sürətlə aparılır. Bu cür layihələrdən biri də Sabirabad rayonunda Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun yenidən qurulmasıdır.

 

Uzunluğu 39 km olan və 22 min əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə edən Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması artıq yekunlaşmaq üzrədir. Bu isə yol boyu yaşayan əhalinin əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.

 

Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.

 

Aparılan işlər nəticəsində yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, yeni yol yatağı inşa edilib. Bunun ardınca lazımi çınqıl qarışıqlarından istifadə edilməklə yol əsasın alt və üst layı tikilib. Bundan başqa layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub.

 

Texnoloji ardıcıllığa uyğun olaraq isə hazırda yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. İri və xırda dənəli asflat-beton qarışığından istifadə edilməklə yolun 230 min m2-dən çox hissəsinə yeni asfalt örtük döşənir.

 

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Bərpa işləri tam olaraq yaxın müddət ərzində yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.