Nəqliyyatın hərəkətində daha bir yenilik edilir

24 Noyabr 2015- 00:00
11 Nəqliyyatın hərəkətində daha bir yenilik edilir

         Səbail rayonu “20-ci sahə” deyilən ərazidə sıxlığın aradan qaldırılması və “Lökbatan” dairəsi istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin daha rahat hərəkətinin təmin edilməsi məqsədi ilə “Bibiheybət yolu”nda (“Bibiheybət” məscidindən Bakı Su İdmanı Sarayına qədər olan hissədə) nəqliyyat vasitələrinin iki istiqamətli hərəkətinin təşkili üçün “Azəryolservis” ASC tərəfindən işlər aparılır.

 

        

 

         Yolun iki hərəkət istiqamətli olması üçün görülən işlər çərçivəsində “Bibiheybət” məscidinin yaxınlığında, yol kəsişməsində yerləşən hasarın 15 metrlik hissəsi sökülüb. Nəticədə yol iki hərəkət istiqamətli olduqdan sonra  Su İdman Sarayından “Bibiheybət” məscidinə doğru nəqliyyat vasitələrinin rahat və maneəsiz çıxışı təmin olunacaq.

 

         Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində sözügedən ərazidə görüləcək işlərdən sonra şəhərə doğru hərəkət edən sərnişin avtobuslarının “20-ci sahə”dən “Bibiheybət” məscidinə doğru olan yola daxil olması qadağan ediləcək. Sərnişin avtobusları ancaq Su İdman Sarayına doğru olan yolla, müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar və operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş xüsusi hərəkət zolağı ilə hərəkətlərinə davam edə biləcəklər.

 

         “Azəryolservis” ASC tərəfindən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanlarının quraşdırılması, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılır. Yaxın günlərdə işlər tam olaraq yekunlaşdırıldıqdan sonra yol iki gediş, iki gəliş hərəkət istiqamətli olmaqla sürücülərin ixtiyarına veriləcək.

 

XƏBƏRƏ AİD FOTOLAR

XƏBƏRƏ AİD VİDEO