Qubada 2 istiqamət üzrə 50 km-lik avtomobil yolları yenidən qurulur - VİDEO / FOTO

9 Aprel 2018- 13:59
11 Qubada 2 istiqamət üzrə 50 km-lik avtomobil yolları yenidən qurulur - VİDEO / FOTO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, onların yetişdirdikləri məhsulların bazarlara tez və xarab olmadan çatdırılmasına şərait yaratmaqla əhalinin həyat şəraitinə müsbət təsir edən kənd təsərrüfatının inkişafına, dağlıq və dağətəyi ərazilərdə mövcud turizm potensialını genişləndiməklə yeni turizm marşrutlarına yaradılmasına gətirib çıxaracaq yol infrastrukturu layihələrinin işlənilməsi istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ölkə boyu kompleks tədbirlər həyata keçirilir. Quba rayonunda bu çərçivədə 22 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları yenidən qurulur.

 

Quba rayonunda həyata keçirilən yol infrastrukturu layihələri 2 istiqamət üzrə 50 km uzunluğa malik avtomobil yollarını əhatə edir.  Bu başlanğıcını respublika əhəmiyyətli Quba-Xaçmaz avtomobil yolunun 13-cü km-dən götürən 17 km uzunluğa malik Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi və başlanğıcını M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan götürən 33 km-lik İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə uzanan yollardır.

 

Sözügedən yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmiş, yolun çınqıl və qara örtüyü tamamilə sıradan çıxmışdı, üstəgəl yol bəzi hissələrdə kənar relyefdən aşağı səviyyədədir. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaşanan maneələrin dərhal aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hər iki marşrut üzrə lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start verib.

 

11 yaşayış məntəqəsini əhatə edən Hacıqayıb-Əhmədoba-Hacıhüseynli-Qımılpaşa-Alekseyevka-Gənclər qəsəbəsi avtomobil yolu boyu zəruri olan yerlərdə torpaq yatağının təmiri və bərpası üçün yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirilib, əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb, hazırda isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

 

Tikinti layihəsinə uyğun olaraq çiyinlərin bərpası işləri, 240 paqon-metr uzunluğunda dairəvi dəmir-beton boruların quraşdırılması və izolyasiyası işləri də yerinə yetirilmiş işlərdəndir. Daha sonra yol boyu 700 ədəd siqnal dirəyi, 148 ədəd yol nişanı, 17 ədəd km göstəricisi quraşdırılacaq, 51 km uzunluğunda xətlənmə işləri aparılacaq.

 

11 yaşayış məntəqəsini əhatə edən digər İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yol boyunca hazırda torpaq işləri həyata keçirilir, yol yatağının yararsız qruntu qazılıb çıxarılır, qazılmış və genişləndirilmiş hissələrdə yararlı materialla kipləşdirmə işləri aparılır. Bu işlərin həcmi 48 min kub.m təşkil edir.

 

Texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi tikinti norma və standartlarında nəzərdə tutulmuş qarışıqlardan istifadə edilməklə təqribən 350 min kv.m sahədə yol əsası inşa ediləcək və ardınca 200 min kv.m sahəni əhatə edən həcmdə asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

 

İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq marşrutu üzrə müasir yol infrastrukturunun yaradılması üçün icra olunan layihə çərçivəsində 148 ədəd yol nişanının, 33 ədəd km göstəricisinin və 1350 ədəd siqnal dirəyinin quraşdırılması, hərəkətin normal təşkili üçün yolciqgi və yolgöstərici xətlərin çəkilməsi nəzərdə tutulub.

 

Təbii ki, hər iki istiqamət üzrə yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafı sürətləndirməkdir.