Daşkəsən-Əmirvar-Qabaqtəpə yolunun tikintisi bölgədə geniş imkanlar yaradır - VİDEO / FOTO

30 Mart 2018- 13:52
11 Daşkəsən-Əmirvar-Qabaqtəpə yolunun tikintisi bölgədə geniş imkanlar yaradır - VİDEO / FOTO

Bu gün Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də ölkədə yol infrastrukturunun yenidən qurulması, bu sahədə əsaslı islahatların aparılmasıdır. Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Bu cür layihələrdən biri də Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolu layihəsidir.

 

Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun uzunluğu 24.5 km təşkil edir. Torpaq və çınqıl örtüklü olmaqla yolun eni 4-5 metr təşkil edir. Yolun ensiz olması və indiyə qədər asfalt-beton örtüklə tikintisinin aparılmaması vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun tikintisinə start verilməsi gediş-gəlişlə yaşanan problemləri geridə qoymağa başlayıb.

 

Sözügedən avtomobil yolu IV texniki dərəcəli və 2 hərəkət zolaqlı olmaqla yenidən qurulur. Texniki dərəcəyə uyğun yolun hərəkət hissəsi 6 metr təşkil edəcək. Bu üzdən hazırda aparılan torpaq işləri bitəndən sonra 150 min kv.m-ə yaxın sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək.

 

Tikinti layihəsinə uyğun olaraq, hazırda yol boyu 10 metr enində yeni yol yatağı inşa olunur, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Bundan başqa yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi və yolun genişləndirilməsi işləri aparılır. Bunun ardınca isə yol əsasının alt layının tikintisi üçün optimal qırmadaş, üst layının tikintisi üçün isə qum-çınqıl qarışığı ilə aparılacaq, çiyinlərin bərkidilməsi işləri görüləcək.

 

Avtomobil yolu üzərində yerləşən süni qurğu və borulara gəldikdə isə, hər birinin uzunluğu 12 metr olan 2 yeni avtomobil körpüsünün inşası və zəruri nöqtələrdə 40 ədəd yeni suötürücü dəmir-beton boruların tikintisi nəzərdə tutulan işlərdəndir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud tikinti norma və qaydalarına uyğun olaraq, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərini quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

 

Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatı inkişaf edəcək. Bununla yanaşı, yeni tikilən avtomobil yolu bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaq.