Tərtər rayonunda 6 kəndi birləşdirən yeni avtomobil yolu inşa edilir - VİDEO / FOTO

28 Mart 2018- 13:48
11 Tərtər rayonunda 6 kəndi birləşdirən yeni avtomobil yolu inşa edilir - VİDEO / FOTO

Son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası, müasir tələblər səviyyəsində yenidən qurulması ümumilikdə, ölkəmizin iqtisadi potensialını artırır. Bu layihələrin icrasında əsas məqsəd, ilk növbədə, vətəndaşların sosial məsələlərinin həllini, nəqliyyat vasitələrinin maneəsiz və rahat hərəkətini təmin etməkdir. Elə bu məqsədlə də Tərtər rayonunda 21.5 km uzunluğunda yeni avtomobil yolu inşa edilir.

 

Tərtər rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Lakin yolun torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirir, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol ölkə rəhbərliyinin tapşırığı ilə respublikada bu il yenidən qurulmasına ehtiyac olan yolların siyahısına daxil edilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisinə start verilib.

 

Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilir.

 

Tikinti layihəsinə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün 0.8-1 metr hündürlükdə yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır. Bu işlərə paralel olaraq çiyinlərin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri də görülür.

 

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların  yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulub. Bu məqsədlə 32 yerdə 384 paqon-metr uzunluğunda müxtəlif diametrli  dəmir və dəmir-beton boruların tikintisi işləri aparılır. Tikinti norma və qaydalarına uyğun olaraq növbəti mərhələdə yolun asfaltlanması işləri aparılacaq ki, bunun üçün 130 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihə əsasında yol  boyu 8 ədəd avtobus dayanacağının, 142 ədəd yol nişanının, 22 ədəd km göstəricinin və 840 ədəd siqnal dirəyinin quraşdırılması nəzərdə tutulub. Bundan başqa hərəkətin normal təşkili üçün 54.5 km uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi də planlaşdırılır.

 

Yeni yolun inşası ilə yol boyu yaşayan əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri məhsullarının tez və xarab olmadan daşınması imkan yaranmaqla sözügedən ərazidə kənd təsərrüfatı daha da inkişaf edəcək. Bu isə öz növbəsində vətəndaşların sosial rifah halının yüksəlməsinə gətirib çıxaracaq.